CƏMİYYƏT
İnternet istifadəçiləri yaxın vaxtlarda Tibet təbabətinə dair məlumat bazasından bəhrələnə biləcəklər
Ənənəvi Tibet Təbabəti İnstitutu müxtəlif xəstəliklərin xalq təbabəti üsulları ilə müalicəsinə həsr edilmiş 800-dən çox əsəri rəqəmsal formata çevirib. Yaxın gələcəkdə yaradılacaq ayrıca İnternet-portal həmin mətnləri oxumağa imkan verəcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, həmin əsərlər arasında eramızın yeddinci əsrinə aid nadir nüsxələr də vardır. Bu mətnlərin rəqəmsal formata çevrilməsində Tibet muxtar rayonunun Elm və Texnologiya Departamentinin mütəxəssisləri iştirak ediblər.
Xatırladaq ki, Tibet şamanlarının biliklərini rəqəmsal formata çevirmək üçün bundan əvvəl Tibet xəstəxanalarından birində cəhd göstərilmişdi. Mütəxəssislər yüz mindən çox resept toplayıblar. Bəzi reseptlərin yazıldığı vaxtdan on əsrdən çox keçib.
Son dövrlərdə Tibet təbabəti ilə Çin təbabətinin ənənəvi metodları arasında oxşar cəhətlərin çox olması aşkar edilib. Alimlərin fikrincə, qədim müalicə metodları müasir həkimlərə həm xəstəlikləri, həm də xəstənin vəziyyətini daha yaxşı anlamaqda kömək edəcək.
Bu addım ənənəvi Tibet təbabətini daha da populyarlaşdırmağa imkan verəcək. Məlumat bazasındakı mətnlər Çin və Tibet dillərində olacaq.