İQTİSADİYYAT
İnternet istifadəçilərinin sayına görə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycan 100 nəfərə düşən sabit telefon abunəçilərinin sayına görə ümümdünya orta göstəricisini 18 faiz, mobil abunəçilərin sayına görə isə 17 faiz üstələyir. Bundan başqa, ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 75-ə, genişzolaqlı internet istifadəçilərinin sayı 62-yə bərabərdir. Cari ilin birinci rübünün nəticələrinə əsasən, hər iki göstərici üzrə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, respublikanın regionlarında rayon mərkəzləri, şəhərlər və qəsəbələrlə yanaşı, ucqar kənd yaşayış məntəqələrində də əhalinin yüksəkkeyfiyyətli genişzolaqlı internet xidmətlərindən istifadəsi məqsədilə “Multimedia xidmətlərinin inkişafı” layihəsi də işlənib hazırlanıb. Layihənin maliyyələşdirilməsi üçün “Amsterdam Trade Bank”dan 13,7 milyon avro kredit alınıb. Layihə üzrə müasir texnologiyaya əsaslanan stansiya və genişzolaqlı xidmət avadanlığının satınalması üçün müvafiq şirkətlərlə müqavilələr bağlanılıb, avadanlıqlar sifariş verilib və artıq bir hissəsi təchiz edilib. Layihə çərçivəsində Sumqayıt və Gəncə şəhərlərində, Abşeron, Zaqatala, Şəmkir, Xaçmaz, Göygöl, Ağdam, Bərdə, Tərtər rayonlarında 64 min nömrə, qeyd olunan rayonlarla yanaşı, digər 47 şəhər və rayonda 98 min port tutumunun quraşdırılaraq istismara verilməsi nəzərdə tutulur.
Cari rübdə “Bakinternet” xidmətinin qlobal internet şəbəkəsinə qoşulma surəti ilin əvvəlinə nisbətən 6,5 Gbit/s artırılaraq 46,5 Gbit/s-yə çatdırılıb və ötən ildə qurulmuş yeni internet platformasına bütün “Bakinternet” istifadəçilərinin qoşulması təmin edilib.