CƏMİYYƏT
İnternet saytlarının rəhbərlərinə xəbərdarlıq edilib
Bakı, 18 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılmış araşdırmalarla müəyyən edilib ki, son günlər bəzi kütləvi informasiya vasitələrində, o cümlədən “Aztoday.az”, “İnfoaz.org” və “Xural.com” internet saytlarında müxtəlif başlıqlar altında dərc edilmiş məqalələrdə sensasiya naminə, həqiqətə uyğun olmayan, ictimai rəyi çaşdırmaq məqsədi güdən yalan və qərəzli məlumatlar yayılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bununla əlaqədar həmin saytların baş redaktorları baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən qəbul edilərək, “Prokurorluq haqqında” Qanunun tələblərinə müvafiq olaraq rəhbərləri olduqları internet saytlarında sensasiya naminə, qərəzli informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə barələrində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəklərinə dair rəsmi xəbərdarlıq ediliblər.