CƏMİYYƏT
İnternet yaddaş üçün zərərli ola bilər
Bakı, 4 iyul, AZƏRTAC
İnternet və smartfon insan yaddaşına mənfi təsir göstərir. Ekspertlər bildirirlər ki, araşdırmalardan əldə olunan nəticələr bunu deməyə əsas verir.
ABŞ-da istifadəçilər arasında keçirilən sorğunun nəticələrinə görə, insanların 91,2 faizi öz yaddaşını genişləndirmək üçün internet və smartfona üz tutur. Respondentlərin 44 faizi bildirib ki, onların yaddaşını internet və smartfonlar əvəz edir, ümumiyyətlə onlar bütün mühüm informasiyaları məhz bu qurğularda saxlayırlar.
Bundan başqa, məlum olub ki, soruşulanların təxminən yarısı hər hansı sualına cavab tapmaq üçün ilk növbədə internetə ümid bəsləyir, məlumatı isə yadda saxlamağa çalışmır. Respondentlərin təxminən 30 faizi isə internetdən aldığı faktı istifadə edən kimi unudur. Bu isə yaddaşın zəifləməsi ilə nəticələnir.
Bununla yanaşı, şəbəkə və smartfon istifadəçiləri telefon nömrələrini xatırlamağı əla bacarırlar. Sorğuda iştirak edənlərin 45 faizi öz iş nömrələrini, 35 faizi isə uşaqlarının nömrələrini xatırlayır. Rəyi soruşulanların 55 faizi qeyd kitabçasından istifadə etmədən qohumlarına, 49 faizi dostlarına, 30 faizi qonşularına zəng edə bilir.