ELM VƏ TƏHSİL
İnternetdə anonimliyə qadağa irqçi şərhləri və böhtanları aradan qaldırmayacaq
Bakı, 27 iyul, AZƏRTAC
Ekspertlər bu qənaətə gəliblər ki, internet aləmində anonimliyə qadağa qoyulması sosial portalların və digər resursların istifadəçiləri barəsində trolları, irqçi şərhləri və böhtanları tamamilə aradan qaldıra bilməyəcək.
İsveçrədə yerləşən Sürix Universitetinin nümayəndəsi Li Ştahel deyir: “Bir çox internet istifadəçilərinin fikrincə, müzakirələri və dialoqları daha sivil etmək üçün anonimliyi qadağan etmək lazımdır. Çoxları əmindir ki, anonimlik insanlara çirkin hərəkətlər etməyə imkan verməyən daxili maneələri aradan qaldırır, çünki onlar öz davranışı üçün məsuliyyət daşımırlar”.
AZƏRTAC “planet-today.ru” saytına istinadla xəbər verir ki, üç il ərzində yarım milyon şərhi tədqiq edən mütəxəssislər maraqlı fenomen aşkar ediblər: zəmanəmizdə hətta açıq irqçi və ekstremist şərhlər yazan insanlar təqiblərdən və hüquq mühafizə orqanlarının əməkdaşlarından anonimliyin pərdəsi arxasında getdikcə daha az gizlənirlər.
Bir çox nümunələr belə bir faktı sübut edir ki, anonimliyin qadağan edilməsi internet məkanında buna bənzər problemləri həll etməyəcək, çünki söhbət ədalətdən, qalmaqallardan, yaxud təqsirkarların cəzalandırılmasından gedəndə, bu cür davranış ünsiyyətin sosial normasına çevrilir.