CƏMİYYƏT
İntihar etmək məqsədilə özünü 14-cü mərtəbədən atmaq istəyən qadın xilas edilmişdir VİDEO
Bakı, 21 iyun (AZƏRTAC). İyunun 21-də səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda qadının intihara cəhd etməsi barədə məlumat daxil olmuşdur.
FHN-dən AZƏRTAC-a bildirmişlər ki, nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən müəyyən olunmuşdur ki, həmin şəxs özünü çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən mənzilin eyvanından atmaq niyyətindədir. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüş, qadınla söhbətlər aparmış və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını almışlar.
Xilasetmə əməliyyatı saat 11:03-də başa çatmışdır.