MƏDƏNİYYƏT
“Intourist Hotel Baku” tələbələr üçün təcrübə proqramı təşkil edir
Bakı, 29 iyun AZƏRTAC
Hotel və kurort idarəçiliyi sahəsində ixtisaslaşan “Absheron Hotel Group”a daxil olan “Intourist Hotel Baku” Azərbaycanda təhsil alan tələbələr üçün təcrübə proqramı təşkil edir.
Mehmanxanadan AZƏRTAC-a bildirilib ki, təqdim olunacaq təcrübə proqramının məqsədi gənc kadrların qonaqpərvərlik və turizm sektoru haqqında daha aydın anlayışa malik olmasını təmin etməkdir. Təcrübə proqramı təhsilini davam etdirən və ya yenicə bitirmiş tələbələrə mehmanxananın hər bir şöbəsində təcrübə keçməklə qonaqpərvərlik və turizm sahələrində karyera qurmağın yollarını öyrədəcək. Proqramı uğurla başa vuran tələbələr nəinki “İnturist” mehmanxanasında, həmçinin “Absheron Hotel Group”un digər mehmanxanalarında da vakant yer olduğu halda işlə təmin edilə bilərlər.
“İnturist” mehmanxanasının baş direktoru Marko Rabbia bildirib ki, təcrübə proqramı uzunmüddətli olacaq və biz mütəmadi şəkildə müəyyən tədris müəssisələri ilə danışıqlar aparıb tələbələri bu proqrama cəlb edəcəyik. Namizədlər mehmanxananın hər sahəsində təcrübə keçmək üçün müraciət edə bilərlər. Təcrübə proqramının minimal müddəti dörd həftədir.
Qeyd edək ki, kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlayan “Absheron Hotel Group” Təhsil Nazirliyi ilə birgə 5 nömrəli Bakı Peşə Liseyində qonaqpərvərlik sahəsində praktik bacarıqların inkişaf etdirilməsinə yönəldilən qeyri-akademik təlim proqramı təsis edib. “Intourist Hotel Baku”nun təcrübə proqramı “Absheron Hotel Group”un hotel sektorunda gənc kadrların hazırlanmasının davamıdır.