MƏDƏNİYYƏT
İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Tərcümə Mərkəzində olub
Bakı, 9 fevral, AZƏRTAC
Fevralın 9-da İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Nassar Al-Habaşnehi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüşdə bu qurumun direktoru Afaq Məsud dil və tərcümə sahəsində görülən işlərdən, Azərbaycanda ərəb dilinə və ədəbiyyatına olan maraqdan, ərəb yazıçı və şairlərinin əsərlərindən edilən tərcümələrdən, həmçinin dil və tərcümə müstəvisində dünya ölkələri ilə yaradılan sıx ədəbi əlaqələrdən söz açıb. Eyni zamanda, yaxın vaxtlarda Misirdə ərəb dilində nəşri və təqdimat mərasimi gözlənilən “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” barədə danışıb. Antologiyaya Azərbaycanın tanınmış ədiblərinin seçmə əsərlərinin toplandığını qeyd edən A.Məsud kitabı Misirlə yanaşı, digər ərəb ölkələrində, eləcə İordaniyada da nəşr etdirmək niyyətində olduqlarını söyləyib.
Direktor, həmçinin vurğulayıb ki, hazırda mərkəzdə böyük ərəb nasiri Nəcib Məhfuzun seçilmiş əsərlərindən ibarət kitab çapa hazırlanır. Bildirilib ki, kitabın təqdimatının Azərbaycanda fəaliyyət göstərən ərəb ölkələri səfirliklərinin iştirakı ilə təşkil edilməsi nəzərdə tutulub.
Mərkəzin dil və tərcümə, beynəlxalq əməkdaşlıq sahəsində gördüyü işləri yüksək dəyərləndirən Nassar Al-Habaşnehi İordaniya Haşimilər Krallığı səfirliyinin bu istiqamətdə Tərcümə Mərkəzi ilə birgə həyata keçirə biləcəyi layihələrdən danışıb. Qeyd edilib ki, Azərbaycan dilinin və ədəbiyyatının beynəlxalq aləmdə, eləcə də dünya ədəbiyyatının Azərbaycanda təbliği istiqamətində mərkəzin həyata keçirdiyi layihələr dünya xalqları arasında qarşılıqlı anlaşmaya böyük imkanlar yaradır. Ədəbiyyat, bədii söz sərhəd tanımır. Bu mənada Tərcümə Mərkəzini Azərbaycanın dünyaya açılan böyük xitabət kürsüsü adlandırmaq olar.
Görüşün sonunda qonağa mərkəzin kitab nəşrləri, “Xəzər” dünya ədəbiyyatı jurnalı, həmçinin qurum tərəfindən bu günədək tərcümə və nəşr olunmuş əsərlərin ərəb dilində kataloqu və bukletlər təqdim olunub.