DÜNYA
İordaniya Müstəqil Seçki Komissiyası parlament seçkilərinin yekunlarını açıqlayıb
Əmman, 23 sentyabr, AZƏRTAC
İordaniya Müstəqil Seçki Komissiyası parlamentin Nümayəndələr Palatasına (aşağı palata) seçkilərin yekununu açıqlayıb.
Müstəqil Seçki Komissiyasının sədri Xalid al-Kalaldi bildirib ki, İordaniya ərazisində bütün seçki məntəqələrinə 1 milyon 492 min 400 seçici gedib ki, bu ölkənin səsvermə hüququ olan əhalisinin 36,134 faizini təşkil edir. Seçki komissiyasının məlumatına görə, ölkədə 4 milyon 130 min 142 nəfər seçici seçkilərdə səsvermə hüququna malikdir. Seçki komissiyasının rəhbəri diqqətə çatdırıb ki, 775 min 684 kişi və 716 min 716 qadın seçkilərdə səs verib.
Xalid al-Kalaldi xüsusilə vurğulayıb ki, 18-ci çağırış ölkə parlamentinə 20 qadın seçilib.
Krallığın parlamentində 130 yerə 1252 namizəd – 253 qadın və 999 kişi iddialı olub.
Bununla yanaşı, Avropa İttifaqının müşahidə missiyasının nümayəndələri Əmmanda keçirilən mətbuat konfransında Haşimilər Krallığı parlamentinə seçkilərin təşkilini yüksək qiymətləndiriblər və bildiriblər ki, seçkilər azad və şəffaflıq mühitində keçib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə