DÜNYA
İordaniya kralı dünya birliyini terrorçulara qarşı mübarizədə səyləri artırmağa çağırır
Əmman, 12 fevral, AZƏRTAC
“İslam dövləti” terrorçu qruplaşması bütün dünya və beynəlxalq birlik üçün təhlükənin bir hissəsidir. Bu şər qüvvəyə qarşı mübarizə aparmaq üçün birləşmək lazımdır”. İordaniya Kralı II Abdulla bu sözləri təhlükəsizlik məsələlərinə dair 52-ci Münxen konfransının açılışında söyləyib.
Onun sözlərinə görə, İŞİD dünyaya təhlükənin bir hissəsidir və yeni birgə addımlar atmaq vaxtı çatıb. Beynəlxalq birlik əl-ələ verib bu təhlükəyə qarşı mübarizə aparmalıdır. Kral vurğulayıb: “Terrorçulara qarşı mübarizə aparmaq üçün əsl beynəlxalq koalisiya lazımdır”.
Kral II Abdulla onu da bildirib ki, suriyalı qaçqınların problemi “XXI əsrin bütün dünyanın gözü qarşısında baş verən ən qorxunc faciəsidir”.
Qeyd edək ki, bu gün Almaniyada təhlükəsizlik məsələlərinə dair 52-ci Münxen konfransı açılıb. Konfransda terrorizmə qarşı mübarizə, miqrasiya böhranı məsələlərinə dair diskussiyalar aparılacaq.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman