SİYASƏT


İordaniya mətbuatı erməni hərbçilərinin azərbaycanlı dinc sakinləri qətlə yetirməsindən yazır

Bakı, 10 iyul, AZƏRTAC 

İyulun 4-də erməni silahlı qüvvələrinin Fizuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində Azərbaycanın mülki şəxslərinin qətlə yetirilməsi ilə bağlı İordaniya mətbuatında məqalələr dərc edilib.

Azərbaycanın İordaniyadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, “Uruba” xəbərlər agentliyinin saytında dərc edilmiş məqalələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verilməklə bərabər, Ermənistandan azərbaycanlıların qovulması, Ermənistanın ölkəmizə qarşı yeritdiyi düşmənçilik siyasəti pislənilir. Yazılarda 2 yaşlı Zəhra və nənəsinin faciəvi ölümündən, beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdikləri qərar və qətnamələrdən bəhs edilir və bu faciənin insanlığa qarşı cinayət olduğu diqqətə çatdırılır.

“Ammonnyus” xəbər agentliyinin saytında yerləşdirilən “Ermənistan-Azərbaycan münaqişəsi və beynəlxalq ictimaiyyətə “SOS” həyəcan siqnalı” sərlövhəli yazıda iordaniyalı səfir Muvaffaq əl-Acluni İordaniya və dünya ictimaiyyətinə müraciətində bildirir ki, əgər bu münaqişə davam etsə hələ çox qurbanlar olacaq, xüsusi ilə mülkü əhali arasında. Müəllif məqalədə, eyni zamanda, İordaniya kralı II Abdullahdan beynəlxalq arenadakı nüfuzundan istifadə edərək münaqişənin həllində yardım etməyi xahiş edir. Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal çıxardılması və qaçqınların doğma yurdlarına qaytarılması tələb edilir. Yuxarıda qeyd olunan məqalə “Ajlunnyus” xəbər portalında da dərc edilib.

“Əl-Diyar” qəzetində dərc edilən “Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində mülkü Azərbaycan əhalisini bombalayıb” başlıqlı məqalədə Azərbaycan səfirliyinin bəyanatına istinad olunaraq qeyd edilir ki, Ermənistan respublikasının hərbi birləşmələri tərəfindən Fizuli rayonunun Alxanlı kəndində törədilmiş cinayət nəticəsində iki yaşlı Zəhra və nənəsi qətlə yetirilib. Yazıda Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, günahsız insanların öldürülüməsi pislənilir. Dünya ictimaiyyəti tərəfindən bu cinayətə ədalətli qiymət verilməsi və işğal olunmuş Azərbaycan torpaqlarının tam azad olunması tələb edilir.

Məqalələrdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, erməni təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsi və bir milyondan çox insanın öz yurdundan didərgin düşməsi barədə də məlumat verilir. Yazılarda Ermənistanın hərbi təxribatları, 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan ordusunun qazandığı qələbələr barədə məlumat verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.