SİYASƏT
İordaniyada keçirilən qadın parlament üzvlərinin Qlobal Forumunda Ermənistanın təcavüzkar siyasətindən danışılıb
Bakı, 6 may, AZƏRTAC
İordaniyada keçirilən qadın parlament üzvlərinin Qlobal Forumunda çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva dünyanın 60 ölkəsindən gəlmiş yüksək səviyyəli şəxslərə müraciət edərək Ermənistanın Azərbaycana qarşı cinayətlərinə biganə qalmamağa çağırıb.
BMT, NATO, Avropa Parlamentinin yüksək səviyyəli təmsilçilərinin qatıldıqları Qlobal Forumdakı çıxışında deputat Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərdə üzləşdiyi problemlərdən danışıb. O bildirib ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yeridərək torpaqlarımızın 20 faizini işğal edib və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə məlumat verən deputat vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur. Yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün qadın bu tədbirdə iştirak edən yüksək səviyyəli qadınlar başda olmaqla dünyanın nüfuzlu, aktiv qadınlarının bu ədalətsizliyə sərt etiraz etməsini, öz yurd-yuvalarına dönmələri üçün onların dəstəyini və bu istiqamətdə səylərini gücləndirmələrini gözləyir.
Qənirə Paşayeva Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələr, Ermənistanın mülki azərbaycanlılara qarşı törətdiyi cinayətlər barədə də məlumat verib və dünyanın 60 ölkəsindən gəlmiş prezident, baş nazir, spiker, senator qadınları Qarabağ probleminə geniş diqqət ayırmağa çağırıb. O deyib ki, dünyanın hər yerində insanları qaçqın, köçkün salan səbəblərlə fəal mübarizə aparılmasa, köçkünlərin sayı və problemlər daha da artacaq. Ona görə də işğallara, insanların evlərinə dönə bilmələrinə mane olan səbəblərə qarşı mübarizə kəskin və sərt olmalıdır. Belə ölkələrə qarşı ciddi təzyiqlər göstərmək lazımdır. Evinə qayıda bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün məhz bunu gözləyir.
Milli Məclisin deputatı Qlobal Forumun iştirakçılarına Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən materiallar, ingiliscə sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” kataloqunu hədiyyə edib.
Forumun açılışında Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov da iştirak edib.