İDMAN
İordaniyalı taekvandoçu ölkənin olimpiya tarixində ilk qızıl medalı qazanıb
Əmman, 19 avqust, AZƏRTAC
68 kiloqramadək çəki dərəcəsində yarışan iordaniyalı taekvandoçu Əhməd Abuqauş finalda rusiyalı rəqibi Aleksey Denisenkonu məğlub edərək İordaniyanın olimpiya tarixində ilk qızıl medalı qazanıb. Bu məlumatı PETRA dövlət informasiya agentliyi yayıb.
Yerli KİV-lər öz həmyerlilərinin qələbəsini böyük uğur adlandırırlar. Məhz bu qələbə sayəsində Olimpiya Oyunları tarixində ilk dəfə olaraq İordaniya Haşimilər Krallığının bayrağı qaldırılıb.
KİV nümayəndələri ilə öz təəssüratlarını bölüşən “Olimpiada-2016”nın çempionu Əhməd Abuqauş bildirib ki, İordaniya tarixində ilk qızıl medalı qazanmaq “təsviredilməz və çox gözəl hisslərdir”. İdmançı deyib: “Öz dövlətinin himninin bütün dünya qarşısında səsləndirilməsi böyük xoşbəxtlikdir”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman