CƏMİYYƏT


İordaniyanın “Əl-Diyar” qəzeti IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazır

Bakı, 16 may, AZƏRTAC

İordaniyanın nüfuzlu “Əl-Diyar” qəzetində IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məqalə dərc edilib.

Azərbaycanın İordaniyadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, məqalədə Şərq ilə Qərb və Şimal ilə Cənubun kəsişməsində müxtəlif mədəniyyətlərin və sivilizasiyaların üzləşdiyi nadir məkanda yerləşən Azərbaycanın tolerantlıq nümunəsi olduğu vurğulanıb. Qeyd edilib ki, multikulturalizm Azərbaycanın üstün və qiymətli cəhətlərindən biridir. Diqqətə çatdırılıb ki, bu Forum Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə iki ildən bir keçirilir və 2008-ci ildə mədəniyyətlərarası dialoqun təşviqi üçün təsis edilmiş “Bakı Prosesi”nin bir hissəsidir. Məqalədə “Bakı Prosesi” çərçivəsində həyata keçirilən tədbirlər barədə də ətraflı məlumat verilib. Forum çərçivəsində dini azadlığa, bərabərliyə, uğurlu idarəetməyə, qarşılıqlı hörmətə əsaslanan cəmiyyətlərin formalaşdırılması yollarının müzakirə olunduğu qeyd edilib.

Məqalədə dövlət başçılarını, nazirləri, beynəlxalq təşkilatların rəhbərlərini, siyasətçiləri, ekspertləri, sülhməramlı səfirləri, jurnalistləri, görkəmli ziyalıları və fəalları bir araya gətirən bu Forumun mədəniyyətlərarası dialoqun əhəmiyyətinin dünyaya yayılmasında, xalqlar arasında dialoq və qarşılıqlı anlaşmanın dəstəklənməsində, bu istiqamətdə insanlar, ölkələr və təşkilatlar tərəfindən konkret addımların atılmasında rolu qeyd olunub. Həmçinin Forumun bu amilləri təşviq edəcək beynəlxalq platformaya çevrildiyi vurğulanıb.

Prezident İlham Əliyevin Forumun açılışında iştirakı və dərin məzmunlu çıxışında tədbir iştirakçılarını müxtəlif mədəniyyətlər arasında dialoqun təmin edilməsi üçün səylərin gücləndirilməsinə çağırdığı xüsusi qeyd olunub. Məqalədə Prezident İlham Əliyevin Azərbaycanın ən böyük problemi olan erməni işğalından, işğal nəticəsində Azərbaycan ərazilərinin 20 faizinin - Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun Ermənistan tərəfindən işğal edilməsindən və bunun nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən, işğal edilmiş ərazilərdə bütün tarixi abidələrin və tikililərin dağıdılmasından, məscidlərin yerlə-yeksan edilməsindən bəhs olunub.

Məqalədə UNESCO-nun baş direktoru xanım İrina Bokovanın, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasserin, BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Talib Rifainin, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osayminin, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrinin və digər iştirakçıların tədbirdəki çıxışları barədə də məlumat verilib.

Həmçinin tolerantlıq və multikulturalizmin dərin köklərinə malik olan ölkə kimi İordaniya nümayəndə heyətinin də IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakı haqqında ətraflı məlumat təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.