SİYASƏT


İordaniyanın tanınmış yazıçı-jurnalisti Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən yazır

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC

İordaniyanın geniş oxucu kütləsinə malik “Əd-Diyar” qəzetində V Bakı Beynəlxalq Humanitar Forumu barədə məqalə dərc olunub. Məqalənin müəllifi Forumun iştirakçısı, İordaniyanın tanınmış yazıçı-jurnalisti və tarixçi alimi Ömər əl-Armutidir.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyev ilə İordaniya Kralı II Abdulla arasındakı şəxsi dostluq münasibətlərinin, bu münasibətlər zəminində həyata keçirilmiş qarşılıqlı səfərlərin İordaniya-Azərbaycan əlaqələrinin inkişafında mühüm rolu vurğulanır.

Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində iştirak etdiyini diqqətə çatdıran müəllif dövlətimizin başçısının tədbirdə dərin məzmunlu nitq söylədiyini bildirir.

Yazıda vurğulanır ki, Forumun bir sıra iştirakçıları İordaniya və Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin daim sülh və mehribanlıq şəraitində yaşaması təcrübəsini nəzərə alaraq, İslamda məzhəblərarası yaxınlaşmaya nail olmaq üçün mötədil İslam mərkəzinin yaradılmasını təklif ediblər.

Müəllif Forumun yüksək səviyyədə təşkili və beynəlxalq müstəvidə əhəmiyyətindən, seçilmiş mövzuların aktuallığından, “dəyirmi masa”lar çərçivəsində aparılmış müzakirələrin səmərəliliyindən bəhs edir. Bildirilir ki, bəşəriyyəti düşündürən qlobal xarakterli məsələlərə dair geniş fikir mübadilələri və müzakirələr aparmağa imkan yaradan tədbirdə tanınmış dövlət xadimləri, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatları, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələri iştirak ediblər.

Məqalədə hazırda Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 25 illiyinin böyük təntənə ilə qeyd olunduğu, ötən müddətdə ölkənin uğurlu inkişaf yolu keçdiyi vurğulanır. Həmçinin Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğu, 1 milyon azərbaycanlının isə öz yurdunda qaçqın, köçkün vəziyyətinə düşdüyü diqqətə çatdırılır.

Müəllif İordaniya və Azərbaycan parlamentarilərinin görüşü barədə də söhbət açır. Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyovun da iştirak etdiyi həmin görüşdə İordaniyanın Azərbaycanla əlaqələrə böyük önəm verdiyinin vurğulandığı bildirilir.

Yazıda Elm və Mədəniyyət üzrə İordaniya Cəmiyyətinin sədri, sabiq daxili işlər naziri Samir Habaşnahın V Bakı Beynəlxalq Humanitar Forumunda, yazıçı-jurnalist, tarixçi Ömər əl-Armutinin İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransında çıxışları barədə də məlumat verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.