ELM VƏ TƏHSİL
İpək Yolu atlası bəşəriyyətin ortaq mədəni irsini bir daha nümayiş etdirməyi nəzərdə tutur
Bakı, 5 iyun, AZƏRTAC
UNESCO-nun Çinin paytaxtı Pekində keçirilən “İpək Yolu üzərində qarşılıqlı mədəni əlaqələrin interaktiv atlası”nın hazırlanması layihəsinin birinci ekspertlər görüşündə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Şahin Mustafayev də iştirak edib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə UNESCO-nun bu sahədə yeni təşəbbüsü olan İpək Yolunun interaktiv atlasının hazırlanması layihəsi geniş şəkildə müzakirə edilib. Müxtəlif ölkələrdən – İngiltərə, Fransa, İtaliya, Rusiya, Çin, Koreya, Monqolustan, İran, Özbəkistan və Azərbaycandan Pekinə gəlmiş beynəlxalq ekspertlər layihənin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Hazırlanacaq atlasın məqsədi, meyarları, coğrafi və xronoloji hüdudları, əhatə etdiyi mövzular və s. məsələlər haqqında mütəxəssislərin fikirləri dinlənilib.
Görüşün sonunda yekun bəyannamə qəbul edilib. Qeyd olunub ki, bu gün dünyada ekstremizm və savadsızlığın artdığı, ölkələr arasında qarşılıqlı etibarın zəiflədiyi bir dövrdə İpək Yolu atlası bəşəriyyətin ortaq mədəni irsini və xalqların bəşər sivilizasiyasına və tarixi inkişafına töhfələrini bir daha nümayiş etdirməyi nəzərdə tutur.
Qeyd edək ki, akademik Ş.Mustafayev UNESCO-nun “İpək Yolu onlayn platforması” koordinatorlar şəbəkəsinin Beynəlxalq Bürosunun vitse-prezidenti və bu proqramın Azərbaycan üzrə əlaqələndiricisidir.