İQTİSADİYYAT
İpoteka Fondunun istiqrazlarının 100 milyon manatlıq emissiyasının ikinci tranşı yerləşdiriləcək
Bakı, 18 aprel, AZƏRTAC
Aprelin 20-də Bakı Fond Birjasında "Azərbaycan İpoteka Fondu" ASC-nin 15 milyon manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1001.17 manat qiyməti ilə satışa çıxarılacaq.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Azərbaycan İpoteka Fondu" ASC-nin adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti bu il martın 6-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 milyon manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3 faiz təşkil edir.
Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC vasitəsilə keçiriləcək. Depozitari və sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.