İQTİSADİYYAT
İpoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 23 iyun, AZƏRTAC
İyunun 23-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondu ASC-nin faizli, adlı, sənədsiz ipoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərraca çıxarılan istiqrazların (ISIN nömrəsi AZ2018008683) nominal qiymətlə həcmi 15 000 000 manat təşkil edib.
Hərrac zamanı sifarişlərin qəbulu Bakı Fond Birjasının ticarət reqlamentinə əsasən saat 11:00-dan 12:30-dək həyata keçirilib. İstiqrazların buraxılış şərtlərinə əsasən hərrac qiyməti 1,006.5000 manat təyin edilib.
İstiqrazlar üzrə toplanmış tələbin həcmi nominal qiymətlə 15,000,000 manat olub. Hərraca çıxarılmış istiqrazlar tam həcmdə yerləşdirilib.
Yerləşdirmənin anderrayteri qismində birja üzvü "PAŞA Kapital" İnvestisiya Şirkəti QSC çıxış edir. İstiqrazlar 2037-ci il dekabrın 18-də ödəniləcək.