İQTİSADİYYAT
İpoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 21 iyul, AZƏRTAC
İyulun 21-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondu ASC-nin faizli, adlı, sənədsiz ipoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərraca çıxarılan istiqrazların (ISIN nömrəsi AZ2019008682) nominal qiymətlə həcmi 25 000 000 manat təşkil edib. Hərrac zamanı sifarişlərin qəbulu Bakı Fond Birjasının ticarət reqlamentinə əsasən saat 11:00-dan 12:30-dək həyata keçirilib. İstiqrazların buraxılış şərtlərinə əsasən hərrac qiyməti 1,008.8300 manat təyin edilib.
İstiqrazlar üzrə toplanmış tələbin həcmi nominal qiymətlə 25,000,000 manat olub. Hərraca çıxarılmış istiqrazlar tam həcmdə yerləşdirilib. Yerləşdirmənin anderrayteri qismində birja üzvü "Paşa Kapital" QSC çıxış edir. İstiqrazlar 2037-ci il dekabrın 18-də ödəniləcək.