CƏMİYYƏT
İqlim dəyişiklikləri çimərliklərdə suyun şorlaşmasına səbəb ola bilər
Bakı, 15 avqust, AZƏRTAC
Gözlənildiyinə görə, iqlim dəyişiklikləri nəticəsində çimərliklərin suyu daha duzlu olacaq. Bu, krabların, dəniz quşlarının və sahilə yaxın ərazidə yaşayan digər canlıların populyasiyasi üçün təhlükə doğurur. AZƏRTAC ecoportal.su saytına istinadla xəbər verir ki, Nyu-Cersi (ABŞ) Texnologiya İnstitutunun alimləri bu qənaətə gəliblər.
Mütəxəssislər əvvəlcə güman edirdilər ki, qrunt və ya “məsamə” suları suyun səthindəki dalğalarla eyni dərəcədə duzlu olacaq, lakin Delaver körfəzindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məlum olub ki, qrunt sularının orta duzluluq göstəricisi dəniz suyunun müvafiq göstəricisindən dörd dəfə artıqdır.
Hesab edilir ki, duzun konsentrasiyasının əsas səbəbi buxarlanmadır. İndi alimlər belə bir fərziyyə irəli sürüblər ki, bu proses xeyli sürətlənib. Mütəxəssislər yeddi sutka ərzində günün və gecənin müxtəlif vaxtlarında seçilmiş 400 torpaq nümunəsinin təhlil edərək, dəniz suyunda duzun konsentrasiyasının 25 qram/litr olmasını aşkar ediblər. Qabarma zonasında bu göstərici 60 qram/litrə, qrunt sularının bəzi nümunələrində isə 100 qram/litrə çatır.
Tədqiqatçıların fikrincə, məsələn iqlim dəyişməsi zamanı temperaturun artması və nisbi rütubətin azalması həm qrunt sularının duzluluq dərəcəsini artırır, həm də onların paylanma strukturunu dəyişir; sahilyanı zonalarda suyun duzluluğunun kəskin artması gözlənilir.
Araşdırmanın əsas müəllifi doktor Syaolun Gen hesab edir ki, bu cür dəyişikliklər ilk növbədə yerli ekoloji sistemlərə təsir göstərir. Çimərliklərdə geniş yayılmış midiya, krab və digər canlılar qrunt sularının yüksək dərəcədə duzlu olması ilə əlaqədar əlverişsiz şəraitdə bu əraziləri tərk edəcəklər. Alimlər xəbərdarlıq ediblər ki, lokal ekoloji fəlakət həddinə çatan hadisələrin qarşısını almaq üçün sahilyanı zonalarda su ehtiyatlarının idarə edilməsi texnologiyasını dəyişmək lazımdır.