DÜNYA
İqor Dodon Moldova prezidenti seçkilərində özünün qələbə şansları barədə danışıb
Kişineu, 4 noyabr, AZƏRTAC
Moldova Respublikası Sosialistlər Partiyasının lideri (MRSP) İqor Dodon Moldova prezidenti seçkilərinin ikinci turunda qələbə qazanacağına əmindir. AZƏRTAC xəbər verir ki, o, “Europa Libera” radiostansiyasının jurnalistinin “Sosialistlər Partiyasından olan namizədin imkanları varmı?” sualına müsbət cavab verib və belə imkanların “yetərincə” olduğunu vurğulayıb.
O deyib: “İkinci turda qələbə üçün yetərincə imkanlarımız var. Bunlar həm solçu partiyaların tərəfdarları, həm birləşmə imkanları, həm də adətən solçulara səs verən regionların seçkilərə daha kütləvi qoşulması ola bilər. Qaqauz Yerini xüsusi fərqləndirmək istəyirəm. Burada böyük dəstək almışıq, amma əvvəlki seçkilərlə müqayisədə bu dəfə seçici fəallığı 10-15 faiz aşağı olub”.
Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, İqor Dodon prezident seçkilərinin birinci turunda seçicilərin 48 faizindən çoxunun səsini toplayıb. Avropa yönümlü partiyaların vahid namizədi Mayya Sandu 38 faiz səslə ikinci yerdədir.
Qaqauz Yeri Muxtar Ərazi Qurumunda seçicilərin 91 faizindən çoxu MRSP-nin sədrinə səs verib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu