ELM VƏ TƏHSİL
İqtisad Universitetində akademik Zərifə xanım Əliyevanın nurlu xatirəsi anılıb
Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 28-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr edilən tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə ADİU-nun rektoru, professor Ədalət Muradov görkəmli alimin mənalı ömür yolundan və Azərbaycanda oftalmologiya elminin inkişafına verdiyi töhfələrdən danışıb. Bildirilib ki, tibb elmində böyük xidmətləri olan akademik Zərifə xanım Əliyeva Azərbaycanın XX əsrdə ən tanınmış alimlərindən və şəxsiyyətlərindən biridir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Sədaqət Qəhrəmanova vurğulayıb ki, Zərifə xanım müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Zərifə xanımla Heydər Əliyevin ailəsi, onların yetişdirdiyi övladlar bugünkü gənc ailələrə örnəkdir.
Milli Məclisin deputatı Qənirə Paşayeva bütün mənalı ömrünü oftalmologiya elminin inkişafına həsr etmiş akademik Zərifə xanımın zəngin elmi irsindən və yüksək insani keyfiyyətlərindən söz açıb. Bildirilib ki, görkəmli alimin kəşfləri oftalmologiya elminə böyük töhfələr verib.
YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının sədri Təranə Kərimova qeyd edib ki, Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Lakin bu adlar sırasında ən şərəflisi ana adıdır. Qayğıkeş bir ana olan Zərifə xanımın övladlarına münasibəti də xüsusi olub. Zərifə xanım Əliyeva cəmiyyət üçün böyük dəyərlərə malik övladlar tərbiyə edib. Bu, onun fədakar ana olmasından irəli gəlirdi.
Tədbirdə akademik Zərifə xanım Əliyevanın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.