ELM VƏ TƏHSİL
İqtisad Universitetində differensial əməkhaqqı sisteminin tətbiqinə başlanılıb
Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) differensial əməkhaqqı sisteminin tətbiqinə başlanılıb. Qərar elmi şuranın iclasında qəbul edilib. Əmək haqlarına differensial əlavələrin edilməsində əsas məqsəd pedaqoji heyətin motivasiyasını təmin etmək və müəllimlər arasında rəqabət mühitini gücləndirməkdir.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, yeni qaydalara əsasən, xidməti fəaliyyətin qiymətləndirilməsi məqsədilə bütün zəruri məlumatlar pedaqoji heyət tərəfindən xüsusi proqram təminatı vasitəsilə sistemə daxil ediləcək. Növbəti mərhələdə professor-müəllim heyətinin Xidməti Fəaliyyətini Qiymətləndirmə üzrə Daimi Komissiya təsdiqedici sənədlərdə ekspertiza aparacaq. Bundan əlavə, heyətin xidməti fəaliyyətinin qiymətləndirilməsi onların universitetdəki elm, tədris və özünüinkişaf fəaliyyət istiqamətləri üzrə həyata keçiriləcək. Hər tədris ilinin may ayının 31-dən növbəti ilin müvafiq tarixinə qədər toplanan ballara əsasən, müəllimlərin əmək haqlarına əlavələr olunacaq. Əlavələr mövcud əməkhaqqının 1-2 misli qədər nəzərdə tutulub.
Müəllimlərlə yanaşı, kafedra və fakültələrin də reytinqi müəyyən ediləcək. Ən yüksək nəticə göstərən kafedra müdiri əməkhaqqının 2 misli qədər birdəfəlik mükafat əldə edə biləcək. Ən yüksək nəticə göstərən fakültənin dekanlıq əməkdaşları isə ADİU-nun Qubadakı tədris, idman və istirahət kompleksində 7 günlük istirahət imkanı qazanacaq.
Dünyanın nüfuzlu universitetlərində tətbiq edilən differensial əməkhaqqı sisteminin üstünlüklərinə əməkdaşların pedaqoji fəaliyyətindəki məhsuldarlığının yüksəldilməsi və uğur kriteriyalarının müəyyən edilməsi, heyətin adekvat şəkildə mükafatlandırılmasının təmin edilməsi, rəqabət mühitinin gücləndirilməsi, məmnuniyyət səviyyəsinin artırılması və keyfiyyət göstəricilərinin yüksəldilməsi daxildir.