ELM VƏ TƏHSİL
İqtisad Universitetində yeni elektron kitabxana istifadəyə verilib
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) elektron kitabxananın təqdimatı keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, interaktiv formatda keçirilən tədbirdə sayt barəsində geniş informasiya verilib. Diqqətə çatdırılıb ki, Library.asue.edu.az domainində qurulan elektron kitabxananın saytında 5 dildə 2573 adda kitab təsvir olunub. Bazaya yerləşdirilən kitabların 402 ədədi yüklənə bilən “PDF” formatındadır. Zəngin resurslara malik saytda elektron mühazirələr, videodərsliklər, monoqrafiyalar, dərs vəsaitləri, müvəqqəti və daimi istifadəyə verilən məlumat bazalarına keçidlər (EBSCO Host), qəzet və jurnalların veb səhifələrinə keçidlər, fənlər üzrə işçi tədris proqramları (syllabus) yerləşdirilib.
Saytın xidmətlər bölümündə tələbələrin istifadəsini optimallaşdıran 4 xidmət yaradılıb. Bunlar “kitab istəmə”, “rəy bildirmə”, kitabxana üzrə virtual tur, “elektron kitabxanaçı” xidmətləridir. Elektron kitabxanaçı müvafiq şəxs tərəfindən idarə olunur və iş saatları ərzində daxil olan müraciətləri operativ şəkildə cavablandırır. “Kitab istəmə” xidmətinin özəlliklərindən biri qeyri-iş vaxtlarında da istifadəçilərin istəklərini də qeydə ala bilməsidir. Rəy bildirmə hissədə istifadəçilər sayt və kitab barəsində öz rəylərini qeyd edə bilərlər.
Saytda, həmçinin milli və xarici kitabxanaların icazə verilən bazalarına daxil olmaq üçün imkanlar yaradılıb. Xarici kitabxanalardan Rusiya, Almaniya, Fransa, Avstraliya və Böyük Britaniyanın Milli kitabxanalarına, ABŞ-ın Konqres Kitabxanasına keçidlər yerləşdirilib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.