ELM VƏ TƏHSİL
İqtisad elminə dəyərli töhfə
Bakı, 27 aprel, AZƏRTAC
Aprelin 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında AMEA-nın İqtisadiyyat İnstitutu tərəfindən nəşr etdirilmiş “İS(S)İ – 2015: İqtisadiyyatın liberallıq potensialı” adlı monoqrafiyanın təqdimat mərasimi olub.
İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildiriblər ki, mərasimdə bu elm müəssisəsinin elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru Rəsmiyyə Abdullayeva təqdim olunan kitab barədə ətraflı məlumat verib.
İnstitut direktorunun elmi işlər üzrə müavini, iqtisad üzrə fəlsəfə doktoru Allahyar Muradov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Məhiş Əhmədov monoqrafiyanı iqtisad elmi üçün əhəmiyyətli tədqiqat əsəri kimi dəyərləndiriblər.
Kitaba “İqtisadiyyatın solluğu (sağlığı) indeksi: 62 ölkədə dövlətin iqtisadiyyatı tənzimləməsi səviyyəsinin qiymətləndirilməsi” üzrə İqtisadiyyat İnstitutu əməkdaşlarının 2016-cı ildə yerinə yetirdiyi tədqiqatın hesabatı və həmin hesabatda əksini tapmış məsələlərlə bağlı son araşdırmalar daxil edilib.