ELM VƏ TƏHSİL
İqtisad elminin inkişafında böyük xidmətləri olan alim
Bakı, 25 may, AZƏRTAC
Mayın 25-i görkəmli iqtisadçı alim, akademik Əhməd Mahmudovun doğum günüdür.
Əhməd Əkbər oğlu Mahmudov 1923-cü il mayın 25-də Naxçıvan Muxtar Respublikasının indiki Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub.
Ölkəmizdə iqtisad elminin inkişafında böyük xidmətləri olan Ə.Mahmudovun zəngin elmi və təşkilatçılıq fəaliyyəti bütünlüklə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) iqtisadiyyat bölməsi və 1958–ci ildən bu bölmənin əsasında yaranan İqtisadiyyat İnstitutu ilə bağlı olub. O, 1958–1964–cü illərdə burada direktorun elmi işlər üzrə müavini, 1964–cü ildən ömrünün sonunadək institutun direktoru vəzifələrində işləyib.
1956–cı ildə namizədlik, 1968–ci ildə doktorluq dissertasiyalarını müdafiə edən alim, 1972–ci ildə AMEA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib. İqtisadiyyat İnstitutunun elmi istiqamətlərinin müəyyənləşdirilməsində də onun əvəzsiz xidmətləri olub.
Akademik Ə.Mahmudov 200-dən artıq elmi əsərin, monoqrafiya və dərsliyin, elmi məqalə və metodik vəsaitin müəllifidir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə respublika iqtisadiyyatının yenidən qurulması, kənd təsərrüfatının sürətlə inkişaf etdirilməsi, ümumən aqrar siyasətin həyata keçirilməsi işinin elmi əsaslarının hazırlanmasında iqtisadçı alimlərin önəmli xidmətləri olub. Akademik Ə.Mahmudov tədqiqatlarında sübut edirdi ki, kənd təsərrüfatının strukturunun təkmilləşdirilməsi, maddi-texniki bazanın yenidən qurulması üçün sərf edilən maddi və maliyyə resursları yüksək səmərə ilə nəticələnəcəkdir. Təsadüfi deyil ki, uzun müddət Ə.Mahmudov kənd təsərrüfatı istehsalının intensivləşdirilməsi problemləri və digər sahələrdə geniş tədqiqat işləri aparan ən görkəmli sovet alimlərindən biri hesab olunub.
Bütün həyatı Azərbaycan Elmlər Akademiyası ilə bağlı olan Ə.Mahmudov kiçik elmi işçidən akademiyanın həqiqi üzvlüyünə qədər şərəflə yüksələ bilmişdi. Bu böyük alimin qayğısı və himayəsi ilə çoxsaylı elmlər namizədləri və doktorlar yetişib.
Akademik Ə.Mahmudovun elmi təşkilatçılıq fəaliyyətinin ana xəttini respublika iqtisadiyyatının dirçəlişinə xidmət etmək təşkil edirdi və o, bu istiqamətdə çox gərgin və məhsuldar iş aparırdı. Aqrar-sənaye inteqrasiyası, ictimai istehsalın intensivləşdirilməsi, əmək ehtiyatlarından səmərəli istifadə olunması, əmək məhsuldarlığının yüksəldilməsi, təsərrüfat hesabı problemlərin tədqiqi məsələləri alimin elmi axtarışlarında əsas yer tutub.
Görkəmli alimin əziz xatirəsi onu tanıyanların, xüsusilə iqtisadçı alimlərin qəlbində yaşayır.
Ə.Mahmudov 1989-cu il mayın 8-də Bakı şəhərində vəfat edib.
Alim Fəxri xiyabanda dəfn olunub.