İQTİSADİYYAT
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi növbəti Təcrübə Proqramını elan edib
Bakı, 3 avqust, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) növbəti Təcrübə Proqramını elan edib.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İİTKM tələbə və magistrantlar üçün təcrübə keçmək imkanı yaradır. Təcrübə Proqramına qoşulmaq üçün qeyd olunan ixtisaslar üzrə təhsil alan tələbə və magistrantlar, həmçinin ali təhsilli gənclər İİTKM-ə müraciət edə bilərlər: iqtisadiyyat, maliyyə, riyaziyyat, jurnalistika, informasiya texnologiyaları və ya hüquq sahələri.
Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur: məntiqi və analitik düşünmə qabiliyyəti, xarici dildə (əsasən ingilis dili) sərbəst oxuma və başa düşmə qabiliyyəti, yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir), ünsiyyət və təqdimat bacarığı.
Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə mərkəz tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcək.
Təcrübə proqramı həftədə beş dəfə olmaqla iş gününün yarısını əhatə edir (saat 9:00 – 12:30 və ya 14:30-18:00) və ödənişsizdir. Proqrama qoşulmaq istəyənlərdən avqustun 20-dək [email protected] ünvanına CV (3×4 formatlı şəkil, xarici dil biliklərini əsaslandıran sənədləri (əgər varsa) əlavə edilməklə) göndərmələri və ya qeydiyyatdan keçmələri xahiş olunur. Yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycanın nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.