İQTİSADİYYAT
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "İslahatlar icmalı"nın onlayn yayımına start verib
Bakı, 1 mart, AZƏRTAC
Son illər Azərbaycanda konkret hədəflərə yönəlmiş genişmiqyaslı iqtisadi islahatlar çərçivəsində biznes və investisiya mühitinin əlverişliliyinin artırılması ilə bağlı konkret işlər görülüb. Ölkədə aparılan iqtisadi islahatlar, bu istiqamətdə imzalanmış sənədlər barədə geniş ictimaiyyətdə informasiya təminatını yaxşılaşdırmaq, beynəlxalq qurum və təşkilatları dolğun məlumatlarla təmin etmək zərurəti yaranıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə İİTKM "İslahatlar icmalı" (Reforms Review) adlı onlayn bülleten nəşr etməyə başlayıb. Bülleten 4 dildə – Azərbaycan, rus, ingilis və türk dillərində yayılacaq.
Bülletenin ilk sayına Azərbaycan Respublikası Milli Məclisinin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli (İmanov), Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham) icraçı direktoru Natəvan Məmmədova uğurlar arzulayıb.
İcmal müntəzəm olaraq hazırlanacaq. İcmalla www.iqtisadiislahat.org,www.ereforms.org,www.ecoreform.az saytlarında islahat icmalı bölməsində tanış olmaq mümkündür.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.