İQTİSADİYYAT


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə "Microsoft Azerbaijan" arasında memorandum imzalanıb

Bakı, 16 yanvar, AZƏRTAC

Yanvarın 16-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə "Microsoft Azerbaijan" şirkəti arasında ikitərəfli əməkdaşlığa dair memorandum imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədi İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı və "Microsoft Azerbaijan" şirkətinin Baş direktoru Sərxan Həşimov imzalayıb. Memorandum Azərbaycan istehsalı olan məhsulların vahid məlumat bazasının yaradılması istiqamətində birgə əməkdaşlıq, İKT sektoru ilə bağlı təlimlərin təşkili, qiymətləndirmə və təhlil işlərinin aparılması istiqamətlərini təşkil edir. Sənəddə, həmçinin milli iqtisadiyyatda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı birgə araşdırmaların aparılması, ölkədə elektron ticarətin inkişafı istiqamətində təkliflərin və inkişaf proqramlarının hazırlanması, innovasiya və texnologiyaların müxtəlif istiqamətləri üzrə proqram, layihə, araşdırma və digər müştərək fəaliyyət sahələrinin müəyyənləşdirilməsi məsələləri yer alır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qeyd edib ki, qabaqcıl texnologiya və insan kapitalı daha yüksək əlavə dəyər yaradır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və "Microsoft Azerbaijan" şirkəti arasında artıq uğurlu əməkdaşlıq nümunəsi var. Azərbaycan istehsalı olan məhsulların vahid məlumat bazası "Microsoft"un "Azure" platformasından istifadə edir. Hər iki tərəf telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsinə töhfə vermək üçün əməkdaşlığa başlayır. Bu səbəbdən də imzalanan memorandum bu istiqamətdə atılan mühüm addımdır.

"Microsoft Azerbaijan" şirkətinin baş direktoru Sərxan Həşimov deyib ki, təmsil etdiyi qurum qabaqcıl innovasiya texnologiyalarını təqdim etməklə bizneslərin davamlı inkişafına dəstək olmağa çalışır. Hazırda daha qlobal düşünən gənclərə ehtiyac var. Belə bir dövrdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə imzalanan memorandum bir çox yeni layihələrin reallaşmasına, həmçinin yeni dəyərlərin yaradılmasına imkan verəcək.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi qısa zaman kəsiyində sanballı tədbirlər həyata keçirib. Mərkəz Strateji Yol Xəritəsinin hazırlanmasında bilavasitə iştirak edib və bu sənəd artıq reallaşır. Son 20 il ərzində əldə etdiyimiz nailiyyətlər Azərbaycanı dünyada tanıdıb, ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atılıb. Belə bir şəraitdə dünyanın ən aparıcı şirkətlərindən biri ilə bu istiqamətdə görülən işlərin daha da təkmilləşdirilməsi ilə bağlı memorandumun imzalanması mühüm bir hadisədir.

Digər çıxış edənlər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ötən ildə strateji layihələr həyata keçirdiyini, "Microsoft Azerbaijan" şirkətinin isə daim innovativ və maraqlı yanaşması ilə seçildiyini vurğulayıb, bu qurumların imzaladığı əməkdaşlıq memorandumunun Azərbaycanda İKT sahəsində real layihələrin həyata keçirilməsinə imkan yaradacağını diqqətə çatdırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.