İQTİSADİYYAT
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi təcrübə proqramı elan edib
Bakı, 26 oktyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tələbə və magistrlərə təcrübə keçmək imkanı yaradır.
İİTKM-dən AZƏRTAC-a bildiriblər ki, təcrübə proqramına qoşulmaq üçün iqtisadiyyat, maliyyə, riyaziyyat, informasiya texnologiyaları və ya hüquq sahələri üzrə təhsil alan tələbə və magistrlər, həmçinin ali təhsilli şəxslər mərkəzə müraciət edə bilərlər:
Təcrübə proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur: məntiqi və analitik düşünmə qabiliyyəti; xarici dildə (əsasən ingilis dili) sərbəst oxuma və başa düşmə qabiliyyəti; yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir), ünsiyyət və təqdimat bacarığı.
Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə mərkəz tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcək.
Təcrübə proqramı həftədə beş dəfə olmaqla iş gününün yarısını əhatə edir (saat 9:00 – 12:30 və ya 14:30-18:00) və ödənişsizdir.
Proqrama qoşulmaq istəyənlərdən oktyabrın 30-dan başlayaraq noyabrın 11-dək [email protected] ünvanına CV(3×4 formatlı şəkil, xarici dil biliklərini əsaslandıran sənədləri (əgər varsa) əlavə edilməklə) göndərmələri xahiş olunur. Yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq. Əlaqə nömrəsi: (+99412) 521 33 18.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.