İQTİSADİYYAT
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Rəqabət” mövzusunda təlim keçirilib
Bakı, 10 noyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Rəqabət” mövzusunda təlim keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, Avropa İttifaqının TAIEX proqramının Azərbaycanda səfərdə olan ekspertləri Filip Brusik və Valentin Derevyankinin, İİTKM-nin konsaltinq və treninq üzrə əlaqələndiricisi Kamil Ələsgərlinin moderatorluğu ilə keçirilən təlimdə sağlam rəqabətin təmin edilməsi və inhisarçılığın aradan qaldırılması sahəsində dünya, xüsusilə də Avropa İttifaqının təcrübəsini bölüşüb, bu sahədə Azərbaycanda mövcud qanunvericilik, institusional struktur və rəqabət siyasətinə edilə biləcək əlavə və dəyişikliklər haqqında müzakirə aparıblar.
Kamil Ələsgərli bildirib ki, sağlam rəqabətə mane olan rəsmi və qeyri-rəsmi anlaşmalar, üfüqi və şaquli müqavilələr, hər hansı iri bazar iştirakçısının öz mövqeyini ədalətsiz şəkildə istifadə etməsi, inhisarçılıq yaradılması məqsədilə müəssisələrin birləşməsi, eyni zamanda bu hallara dünyada və Avropa İttifaqında geniş yayılmış mübarizə metodları xüsusi müzakirə mövzusudur.
Qeyd edək ki, Avropa İttifaqının ilk 2 həftəlik missiyasının Azərbaycandakı rəsmi tərəfdaşı İİTKM-dir. Ümumilikdə, Azərbaycana 3 missiyanın təşkil olunması planlaşdırılıb və missiyaların yekununda hazırlanacaq tövsiyələr Azərbaycan hökumətinə təqdim olunacaq.