İQTİSADİYYAT
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində kommunal xidmətlər müzakirə olunub
Bakı, 12 avqust, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" çərçivəsində "Kommunal xidmətlər" alt işçi qrupunun müzakirəsi keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, Prezident Administrasiyası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi, Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər beynəlxalq, yerli qurumların nümayəndələrinin iştirak etdikləri tədbirdə orta və uzun müddət üçün sektor strategiyası, institusional islahatlar, korporativ strukturun inkişafı məsələləri müzakirə olunub. Vurğulanıb ki, infrastruktur sahələri üzrə əsas dövlət müəssisələrinin fəaliyyətinin nəticələri üçün müddətlər və hədəflər müəyyən edilməlidir. Dövlət tərəfindən vəsaitin ayrılması isə dövlət müəssisələri üçün stimulların yaradılmasından ötrü fəaliyyətin nəticələrinə əsaslanmalıdır. Fəaliyyətin nəticələri üzrə hədəflər 2 kateqoriyaya bölünür: əməliyyat və institusional hədəflər.
Alt işçi qrupunun müzakirələri zamanı səslənən təkliflər sistemləşdirilərək "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədində nəzərə alınması üçün işçi qrupa təqdim edilib.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycanın nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.