İQTİSADİYYAT
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində logistika və ticarət mövzusunda müzakirələr aparılıb
Bakı, 29 iyul, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” sənədi çərçivəsində “Logistika və ticarət” mövzusunda alt işçi qrupun toplantısı keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, toplantıda Prezident Administrasiyası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, dövlət orqanları, özəl şirkətlər və akademik dairələrin nümayəndələri iştirak ediblər.
Qeyd edilib ki, logistika və ticarət sahəsində strateji baxış rəqabət, iqtisadi təhlükəsizlik və sosial məsələləri əhatə etməlidir. Bu sahənin ümumi daxili məhsula təsiri və yeni iş yerlərinin yaradılması ilə bağlı töhfəsi vurğulanıb. Strateji yol xəritəsində Şərq-Qərb və Şimal-Cənub dəhlizləri çərçivəsində həyata keçirilə bilən təşəbbüslər müzakirə edilib. Xüsusilə, yol xərclərinin azalması, vaxt itkisinin qarşısının alınması, etibarlılığın yüksəldilməsi və əlavə dəyərin yaradılması ilə bağlı təkliflər səsləndirilib.
Yekunda təkliflər sistemləşdirilərək “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” sənədi üzrə işçi qrupa təqdim olunacaq.