İQTİSADİYYAT


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə əlavə analitik səlahiyyətlər verilib

A+ A

Bakı, 13 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Prezidenti “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Fərmanı imzalayıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Prezidentin bu Fərmanı ilə idarəetmədə şəffaflığın artırılması, qabaqcıl analitik təcrübənin tətbiq edilməsi və dövlət proqramlarının səmərəliliyinin artırılması məqsədilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə əlavə analitik səlahiyyətlər verilib. Bu Fərman, dövlət proqramlarının, iqtisadi təşviq layihələrinin həyata keçirilməsi sahəsində olan çətinliklərin aradan qaldırılması, nəticə əsaslı fəaliyyət sisteminin formalaşdırılması, son nəticəyə kimi bütün proseslərin izlənilməsi və təhlili baxımından böyük əhəmiyyətə malikdir.

Fərmana əsasən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi dövlət qurumlarının sifarişi əsasında iqtisadi yönümlü dövlət proqramlarının və iqtisadi təşviq layihələrinin texniki-iqtisadi əsaslandırılmasını, risklərin təhlilini, iqtisadi monitorinqini və qiymətləndirilməsini həyata keçirəcək. Bu yolla dövlət maliyyələşdirilməsi və nəticə arasında əlaqə daha da gücləndirilir, həmçinin prioritetlərin seçilməsi üçün daha geniş imkan yaranır. Bu isə beynəlxalq praktikada olan yaxşı idarəetmə təcrübələrinin Azərbaycanda daha geniş tətbiqinə və dövlət proqramlarının və iqtisadi təşviq layihələrinin səmərəliliyinin artırılmasına imkan verəcək. Beləliklə, Azərbaycanda dövlət proqramlarının uzunmüddətli inkişaf strategiyalarına uyğun şəkildə həyata keçirilməsi üçün daha bir addım atılıb. Dövlət tərəfindən uğurla həyata keçirilən proqramların indikatorlara nə dərəcədə uyğunluğunu müəyyən etmək mümkün olacaq. Azərbaycanda dövlət tərəfindən yaradılan infrastrukturun davamlı iqtisadi inkişafa töhfəsini daha da artırmaq üçün resurslardan daha səmərəli istifadə və konkret iqtisadi məsələlərin hədəflənməsi baxımından İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə verilən əlavə analitik səlahiyyətlərin xüsusi önəmi olacaq.

Bundan başqa Mərkəz, sifariş əsasında icra müddəti bitmiş dövlət proqramlarının iqtisadi səmərəsini qiymətləndirəcək, iqtisadi islahatların hazırlanması və tətbiqi ilə əlaqədar sorğular əsasında istehlakçı məmnunluqları reytinqini nəşr etdirəcək. Azərbaycanda aparılan iqtisadi islahatlar zamanı inklüzivlik, əhatəlilik və insan amilinə üstünlük verilməsi bu Fərmanda da öz təsbitini bir daha tapıb. İslahatların təsirinin istehlakçı məmnuniyyəti perspektivindən qiymətləndirilməsi islahatların daha da səmərəli reallaşdırılması üçün zəmindir.

Fərmanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə üç ay müddətində iqtisadi təşviq layihələrinin monitorinq və qiymətləndirilməsinin aparılması qaydasını, dövlət proqramlarının tərtibi, icrası, monitorinq və qiymətləndirilməsi qaydalarını, dövlət qurumları tərəfindən müvafiq sifarişlərin Mərkəzə verilməsi və maliyyələşdirilməsi qaydalarınının layihəsini hazırlayaraq Azərbaycan Respublikası Prezidentinə təqdim etmək tapşırılıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə verilən əlavə analitik səlahiyyətlər bu qurumu ən yaxşı islahat təcrübəsi ilə yadda qalan Böyük Britaniya, Malayziya və başqa ölkələrdə olan analoqları ilə bir səviyyədə tutur.

İqtisadi islahatlar istiqamətində Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən uğurlu kurs, habelə inkişaf etmiş infrastruktur, makroiqtisadi sabitlik və yüksək yığım səviyyəsi, deməyə əsas verir ki, Azərbaycan post-neft dövründə yenə də regionunun ən rəqabətədavamlı ölkəsi statusunu özündə saxlayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.