İQTİSADİYYAT
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mütəxəssisi Estoniyada seminarda iştirak edir
Bakı, 28 oktyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) analitiki, dosent Ramil Hüseyn oktyabrın 27-28-də Estoniyanın Tartu şəhərində keçirilən "Torpaq islahatının aparılması – çağırışlar və ən yaxşı təcrübələr" mövzusunda seminarda iştirak edir.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbiri Estoniya Şərq Tərəfdaşlığı Mərkəzi Avropa Komissiyası, Estoniya Bioloji Elmlər Universiteti və Estoniya Kənd İşləri Nazirliyi ilə birgə təşkil edib.
Seminarın məqsədi torpaq islahatının cari vəziyyəti, ən yaxşı təcrübələr, torpaq idarəetməsinin təkmilləşdirilməsidir.
Seminar zamanı Estoniya, Latviya, Litva və Almaniyanın yüksək səviyyəli mütəxəssisləri Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələri ilə təcrübələrini bölüşürlər.
İİTKM-in analitiki seminarda Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə birgə hazırladığı Azərbaycan haqqında məlumatları iştirakçılara təqdim edəcək.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə respublikamızda başlayan və hazırda uğurla həyata keçirilən torpaq islahatının bu il 20 ili tamam olur. Məhz MDB regionunda analoqu olmayan bu torpaq islahatı barədə də tədbir iştirakçılarına məlumat veriləcək.