CƏMİYYƏT
“İqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafında yeni hədəflər” mövzusunda yazı müsabiqəsi keçirilir
Bakı, 31 may, AZƏRTAC
Azərbaycan Mətbuat Şurası “Veysəloğlu” Şirkətlər Qrupu ilə birgə “İqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafında yeni hədəflər” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri üçün yazı müsabiqəsi keçirir.
Mətbuat Şurasından AZƏRTAC-a bildiriblər ki, müsabiqədə istiqamətləndirici mövzular aşağıdakılardır:
• Yerli istehsal və ixracatın stimullaşdırılması;
• Pərakəndə ticarət: mövcud durum, problemlər və perspektivlər;
• Yerli şirkətlər və korporativ sosial məsuliyyət;
• Azərbaycanda onlayn ticarət: reallıqlar və perspektivlər;
• Yerli şirkətlərin Azərbaycanın qida təhlükəsizliyində rolu.
Müsabiqədə birinci yer üçün (1 nəfər) 1000 manat, ikinci yer üçün (2 nəfər) 500 manat, üçüncü yer üçün (3 nəfər) 300 manat məbləğində mükafat nəzərdə tutulub. Həvəsləndirici mükafat (10 nəfər) 100 manatdır. Qaliblərin adları 22 iyul - Milli Mətbuat Günü ərəfəsində açıqlanacaq.
Müsabiqəyə 2017-ci ilin iyunun 1-dən iyulun 1-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq. Dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır. Yazıda “Azərbaycan Mətbuat Şurası və “Veysəloğlu” Şirkətlər Qrupunun “İqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafında yeni hədəflər” mövzusundakı müsabiqəsinə təqdim olunur” qeydi olmalıdır. Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir.
Təqdim ediləcək yazı müəllifin çalışdığı KİV-də verilməlidir. Hər kütləvi informasiya vasitəsindən yalnız bir material qəbul ediləcək. Eyni KİV-dən iki və daha çox müəllifin müsabiqədə iştirakı yolverilməzdir. Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində çıxması yolverilməzdir.
Yazılar 2017-ci il iyun ayının 3-dən iyul ayının 3-dək həftənin iş günləri saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.
Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.