ELM VƏ TƏHSİL
İqtisadiyyat İnstitutun apardığı elmi-tədqiqatlar “Strateji yol xəritələri”nin prioritetlərinə uyğunlaşdırılır
Bakı, 28 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda elmi şuranın iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən iclasda Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanından irəli gələn vəzifələrlə bağlı müzakirələr aparılıb, bu sahədə institutun üzərinə düşən vəzifələrlə bağlı qərar qəbul olunub.
İnstitut direktorunun elmi işlər üzrə müavini Allahyar Muradov vurğulayıb ki, elmi şuranın qərarına əsasən, 2017-ci il və sonrakı illərdə bu elm müəssisəsinin elmi və təşkilati fəaliyyəti “Strateji yol xəritələri”nin qarşıya qoyduğu vəzifələrə hədəflənəcək və bununla bağlı məsələlər nəzarətdə saxlanılacaq. Artıq 2017-ci il üzrə elmi tədqiqat mövzuları, bu il doktoranturaya qəbul olunan doktorant və dissertantların dissertasiya mövzuları müəyyənləşdirilərkən “Strateji yol xəritələri”ndəki prioritet istiqamətlər nəzərə alınıb. Növbəti illərdə də institutun elmi-tədqiqat istiqamətinin, şöbə və əməkdaşların elmi-tədqiqat mövzularının “Strateji yol xəritələri”nin prioritetlərinə uyğunlaşdırılması, doktoranturaya qəbul olanlara mövzular müəyyən edilərkən “Strateji yol xəritələri” üzrə prioritetlərin nəzərə alınması, “Strateji yol xəritələri”nin icrası dövründə aparılan islahatların sosial-iqtisadi səmərəliliyinin qiymətləndirilməsi istiqamətində elmi araşdırmaların aparılması, “Strateji yol xəritələri”ndəki prioritetlər üzrə mütərəqqi təcrübələrin öyrənilməsi və Azərbaycanda tətbiqi imkanlarının dəyərləndirilməsi həyata keçiriləcək.
“Strateji yol xəritələri”nin icrası ilə əlaqədar olan iqtisadiyyatyönümlü normativ-hüquqi sənədlərin, proqramların hazırlanmasında və ekspertizasında, “Strateji yol xəritələri”nin icrası ilə əlaqəli fəaliyyətlərin monitorinqində iştirak nəzərdə tutulur. Bununla yanaşı, “Strateji yol xəritələri”nin hər biri üzrə seminarların təşkili, cari ilin noyabrında “Strateji Yol Xəritələri: prioritetlər və inkişaf perspektivləri” mövzusunda respublika səviyyəli konfransın keçirilməsi, KİV-də “Strateji yol xəritələri”ndə qarşıya qoyulan vəzifələrlə bağlı məqalələrin nəşr etdirilməsi və s. planlaşdırılır. Həmçinin “Strateji yol xəritələri”ndə nəzərdə tutulmuş hər bir istiqamət üzrə ayrıca “dəyirmi masa”lar keçiriləcək, geniş elmi müzakirələr təşkil olunacaq. Dünyanın nüfuzlu “beyin mərkəz”ləri, Azərbaycanın dövlət qurumları, universitetləri və digər elm müəssisələri ilə əməkdaşlığın gücləndirilməsi, birgə tədqiqatların aparılması, “Strateji yol xəritələri”nin prioritetləri üzrə yüksək ixtisaslı kadrların hazırlanması nəzərdə tutulur.