ELM VƏ TƏHSİL
İqtisadiyyat İnstitutunda Çinin müasir iqtisadi vəziyyəti təhlil edilib
Bakı, 16 iyun, AZƏRTAC
Çin İctimai Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, professor Pei Changhonqun rəhbərlik etdiyi etdiyi nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunda olub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə iki qurum arasında əməkdaşlığın genişləndirilməsi və birgə tədqiqatların aparılması məsələləri müzakirə edilib.
Görüşdə P.Changhonq iki ölkənin ali elmi qurumu arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu və bunun möhkəmləndirilməsi istiqamətində addımların atıldığını söyləyib.
Tədbirdə İqtisadiyyat İnstitutunun şöbə müdiri, dosent Mayis Gülalıyev “Çin iqtisadiyyatında modelyaradıcı dövlət müdaxiləsinin makroiqtisadi təsirləri” mövzusunda məruzə ilə çıxış edib. Alim məruzəsində Çin iqtisadiyyatında baş verən iqtisadi proseslərin təhlilini aparıb.
Sonra AMEA-nın əsas binasında Azərbaycan Dövlət İqtisad Universitetinin və Azərbaycan Kooperasiya Universitetinin alimlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
Professor P.Changhonq “Çinin müasir iqtisadi vəziyyəti: nailiyyətlər və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində Çin iqtisadiyyatının müasir inkişaf səviyyəsindən, ölkəsində həyata keçirilən iqtisadi siyasətdən danışıb. Bildirib ki, Çinin hazırda xaricdəki investisiyalarının həcmi bir trilyon dollardır və bu göstəricisinə görə dünyada üçüncüdür. Çinin dünya iqtisadiyyatında qloballaşmanı və tam liberallaşmanı, həmçinin azad ticarəti dəstəklədiyini deyən P.Changhonq ölkəsinin Azərbaycanla iqtisadi əlaqələri gücləndirməyə hazır olduğunu söyləyib.
Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında müzakirələr aparılıb.
Sonra akademik Ziyad Səmədzadə çıxış edərək Çin iqtisadiyyatında baş verən proseslər və aparılan iqtisadi siyasətin əsas mahiyyəti barədə danışıb. Akademik Çinin iqtisadi təcrübəsinin öyrənilərək Azərbaycanda tətbiqinin zəruriliyini vurğulayıb.