ELM VƏ TƏHSİL
İqtisadiyyat İnstitutunun elmi işçisi Dubayda mükafata layiq görülüb
Bakı, 15 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov və bu elm müəssisəsinin aparıcı elmi işçisi Rüfət Əfəndiyev Dubayda keçirilən V Dünya Hökumətlər Sammitində (World Government Summit) iştirak ediblər.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun himayəsi ilə keçirilən tədbirə dünyanın 139 ölkəsindən dörd minədək nümayəndə, o cümlədən tanınmış ictimai-siyasi xadimlər, alim və ekspertlər qatılıblar.
Sammit çərçivəsində təşkil olunan “Yeni ideyalar” müsabiqəsində R.Əfəndiyevin də daxil olduğu beynəlxalq qrup ikinci yerə layiq görülüb.
Üç gün davam edən tədbirdə hökumətlərin və dövlət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin iqtisadiyyat, maliyyə, təhsil, səhiyyə, gənclər, texnologiyaların inkişafı, innovasiyalar, gələcək elmlər, dayanıqlı inkişaf, dövlət xidmətlərinin təkmilləşdirilməsi, habelə insanların yaşayışı kimi məsələlər müzakirə edilib.