Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

İqtisadiyyat Nazirliyi: 2016-cı ildə Azərbaycan iqtisadiyyatının dayanıqlılığı təmin edilib

Bakı, 24 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası və İqtisadiyyat Nazirliyinin ötən ildəki fəaliyyəti ilə bağlı geniş kollegiya iclası keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında iqtisadiyyat naziri, kollegiyanın sədri Şahin Mustafayev dünya enerji bazarındakı qeyri-sabitlik və digər neqativ proseslərin Azərbaycan iqtisadiyyatına təsirlərinin minimuma endirilməsi istiqamətində 2016-cı ildə görülən tədbirlər və ölkənin iqtisadi siyasətindəki prioritetlər barədə məlumat verib. Qeyd edilib ki, siyasi sabitlik, əvvəlki illərdə görülmüş işlər, yaradılmış potensial, həyata keçirilən islahatlar nəticəsində dünya iqtisadiyyatında baş verən hadisələr fonunda belə Azərbaycan iqtisadiyyatının dayanıqlılığı təmin edilib, 2016-cı ildə qeyri-neft sənayesində məhsul istehsalı 5 faiz, kənd təsərrüfatı 2,6 faiz, informasiya və rabitə sahəsi 4,4 faiz artıb. Ötən il ölkə iqtisadiyyatına 11,7 milyard ABŞ dolları həcmində investisiya yatırılıb ki, bunun 3,7 milyard dolları daxili sərmayələrdir.

Şahin Mustafayev vurğulayıb ki, Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib. Belə ki, dövlət başçısı makroiqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması, valyuta ehtiyatlarının qorunması, bank sektorunun sağlamlaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması, “Cənub Qaz Dəhlizi” layihəsinin icrası, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsinin tikintisinin bu il başa çatdırılması, sosial mənzillərin tikintisi, inşaat materialları ilə təminat səviyyəsinin aşağı olduğu sahələrdə yerli istehsalın yaradılması, bölgələrdə sənaye zonalarının təşkilinin davam etdirilməsi, kənd yollarının tikintisi, pambıqçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, çayçılıq kimi ənənəvi sahələrin inkişafı, fındıq və badam istehsalının artırılması, örüş torpaqlarından səmərəli istifadə, yeni ixrac bazarlarının araşdırılması və ixracın şaxələndirilməsi, emal müəssisələrinin yerli məhsul əsasında fəaliyyət göstərməsi, sosial infrastruktur layihələrinin, ekoloji tədbirlərin və turizmin inkişafı istiqamətində işlərin davam etdirilməsi və s. tapşırıqlar verib.

İqtisadiyyat Nazirliyi tərəfindən ötən il görülən işlərdən danışan nazir Şahin Mustafayev qeyd edib ki, hazırda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı və sahəvi dövlət proqramlarının icrası davam etdirilir.

Dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, ötən il qeyri-neft sənayesində müasir müəssisələrin yaradılmasının dəstəklənməsi davam etdirilib, 410 sənaye müəssisəsi açılıb, bir sıra sənaye obyektlərinin tikintisinə başlanılıb, sənaye parklarının və zonalarının təşkili işləri davam etdirilib.

Sumqayıt Kimya Sənaye Parkının (SKSP) ərazisində infrastruktur işlərinin birinci mərhələsi tamamlanıb. Hazırda Sənaye Parkında sənaye ixtisasları üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edən müasir tipli Peşə Tədris Mərkəzinin tikintisi davam etdirilir və mərkəzin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili üçün 10 istiqamət üzrə peşə standartları, kurikulumlar və təlim materialları hazırlanaraq müvafiq dövlət qurumları ilə razılaşdırılıb.

Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi 1,1 milyard dollar təşkil edən 9 müəssisəyə rezident statusu verilib. Bunlardan polad və polietilen boru, mexaniki və hidrotexniki avadanlıqlar istehsal edən “Azertexnolayn” zavodu 2013-cü ildə fəaliyyətə başlayıb və müəssisədə 750 nəfərdən çox işçi çalışır. Artıq müəssisədə istehsal olunan məhsulun yarıdan çoxu ixrac edilib. Bundan başqa, 2017-ci ildə 4 müəssisə - yüksək təzyiqə davamlı xortum və fitinqlər istehsal edən “MST Engineering Services”, tikinti məhsulları və qatqıları istehsal edən, İsveçrənin beynəlxalq miqyaslı kimya şirkəti olan “SİKA” MMC, yüksək keyfiyyətli sintetik və yarısintetik sürtkü yağları istehsal edən “Alco Lubricant Company”, pestisid və aqrokimyəvi məhsullar istehsal edən “Aqrokimya Azərbaycan”, 2018-ci ildə isə daha 3 müəssisə - polipropilen və yüksək sıxlıqlı polietilen istehsal edən “SOCAR Polymer”, ferroərintilər istehsal edən “Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti”, Float texnologiyası əsasında şüşə lövhələr istehsal edəcək “AzerFloat” fəaliyyətə başlayacaq. Bu müəssisələrdə 800-ə yaxın yeni iş yerlərinin açılması nəzərdə tutulur.

SKSP-yə yeni rezidentlərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Hazırda 2 müəssisənin Sənaye Parkına rezident qəbul olunmaq barədə müraciətinə baxılır.

Balaxanı Sənaye Parkında infrastruktur işləri tamamlanmaq üzrədir. Sənaye Parkında fəaliyyət göstərən 5 rezident tərəfindən işlənmiş mühərrik yağlarının emalı, plastik (PET) butulkaların təkrar emalından PET qırıntılarının, tullantı kağızlardan istifadə etməklə çap-poliqrafiya məhsullarının istehsalı, təkrar emal olunmuş plastik materiallardan irihəcmli müxtəlif məhsulların istehsalı, taxta-ağac məmulatların emalı sahələrində 5 müəssisə yaradılacaq. Bu müəssisələrə rezidentlər tərəfindən 22,4 milyon manat investisiya yatırılacaq. 2017-ci ilin birinci yarımilliyində fəaliyyətə başlayacaq müəssisələrdə 400-ə yaxın yeni iş yeri açılacaq. Balaxanı Sənaye Parkına yeni rezidentlərin cəlb edilməsi məqsədilə maraq göstərən sahibkarlarla danışıqların aparılması və təşviqat işləri davam etdirilir.

Ötən ilin sentyabrında dövlət başçısı tərəfindən təməli qoyulmuş Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5500-dən çox yeni iş yerinin açılması nəzərdə tutulur. Parkda yerləşən zavodlar üçün xammal bazası yerli məhsullar hesabına təmin ediləcək, xammaldan son məhsuladək istehsal zənciri qurulacaq.

Qaradağ Sənaye Parkının rezidenti - Bakı Gəmiqayırma Zavodu ən müasir tələblərə cavab verən müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri, ümumilikdə, dəniz və mühəndislik işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir. 2016-cı ildə zavodda hər biri 80 sərnişin tutumuna malik “Üfüq”, “Zəfər” və “Turan” sərnişin gəmiləri istismara verilib. İndiyədək isə müəssisədə 50 tonluq dartıcı qüvvəyə malik yedək gəmisi tikilib. Həmçinin zavod 6-cı nəsil yarımdalma qazma qurğusunun pantonlarının inşasını başa çatdırıb və sifarişçiyə təhvil verib. Zavodun ən böyük cari sifarişi isə BP şirkəti üçün ümumi dəyəri 378 milyon ABŞ dolları olan “Xankəndi” Sualtı Tikinti Gəmisinin layihələndirilməsi və tikintisidir. Bakı Gəmiqayırma Zavodu ötən il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə dəyəri 82 milyon ABŞ dolları olan 2 bərə gəmisinin və 28 milyon ABŞ dolları dəyərində 2 neftdaşıyan tankerin tikintisinə və alqı-satqısına dair müqavilə imzalayıb.

Əczaçılıq sənayesində yerli istehsalın təşkil edilməsi məqsədilə yaradılmış Pirallahı Sənaye Parkında artıq 2 dərman istehsalı zavodunun təməli qoyulub. 2016-cı ilin noyabrında təməli qoyulan Azərbaycan-Rusiya birgə müəssisəsi olan “Hayat Pharm” əczaçılıq zavodunda birinci mərhələdə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman istehsal olunacaq. İnvestisiya dəyəri 74 milyon ABŞ dolları olan zavodda onkologiya, QİÇS, sinir sistemi, kardiovaskulyar, diabet, sümük-əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar, antibiotiklər, virus əleyhinə, diareya və qusmaya qarşı preparatlar, həmçinin rentgen-kontrast və maqnit rezonans müayinələr üçün əlavələr istehsal ediləcək. Zavodun 2019-cu ildə fəaliyyətə başlaması nəzərdə tutulur.

Bu ilin yanvarında təməli qoyulmuş Azərbaycan-İran birgə müəssisəsi olan “Caspian Pharmed” əczaçılıq zavoduna ilkin mərhələdə 20,6 milyon ABŞ dolları investisiya qoyulacaq və müəssisədə ağrıkəsici, ürək-damar xəstəlikləri, qeyri-steroid iltihab əleyhinə vasitə, antihistamin kateqoriyalı dərman vasitələri, həmçinin vitaminlər və qida əlavələri istehsal ediləcək. İlkin olaraq zavodda 54 təsiredici maddə üzrə 84 çeşiddə dərman vasitəsi istehsal olunacaq. Zavodun illik istehsal gücü birinci mərhələdə 201 milyon ədəd həb və kapsul təşkil edəcək. Avropanın aparıcı şirkətlərinin mühəndis-layihələndirmə işlərindən, qabaqcıl texnologiya və avadanlıqlardan istifadə olunacaq. “Caspian Pharmed” zavodunun tikintisi 2018-ci ildə başa çatdırılacaq. Bu müəssisələrdə 300-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur. Növbəti mərhələdə istehsalın həcmi genişləndiriləcək.

Bu ilin martında Pirallahı Sənaye Parkının ərazisində daha bir zavodun təməli qoyulacaq. Bu müəssisələr Azərbaycanda əczaçılıq sənayesinin inkişafında əhəmiyyətli rol oynamaqla, yerli istehsal hesabına əhalini keyfiyyətli dərman məhsulları ilə təmin edəcək, bu sahədə idxaldan asılılığı azaldacaq və ixrac potensialını artıracaq.

Bundan başqa, hazırda ölkəmizdə əczaçılıq sənayesinə maraq göstərən bir sıra aparıcı şirkətlərlə də danışıqlar aparılır.

Azərbaycanda alüminium sənayesinin inkişafı üçün kompleks tədbirlər hazırlanıb və Gəncədə bu sahə üzrə Sənaye Parkının yaradılması imkanları araşdırılır.

Neftçala Sənaye Zonasında ümumi investisiya qoyuluşu 49 milyon manatdan çox olan və 600-dən çox yeni iş yerlərinin yaradılmasını təmin edəcək 15 layihənin icrası planlaşdırılır. Sənaye Zonasında 5 müəssisə - karton stəkan istehsal edən “Sun Rise Production”, polietilen boru istehsal edən “Toğrul-2008”, kənd təsərrüfatı təyinatlı qurğuların istehsalı müəssisəsi “Petroqeoaz”, modul tipli məktəb binalarının istehsalı ilə məşğul olan “Providence Doytch Limited” və balıq yemi istehsal edən “Kəhf” şirkətləri 2017-ci ilin yanvar-mart aylarında artıq məhsul istehsalına başlayacaq, avtomobil istehsal edən “Azeurocar” isə 2017-ci ilin iyul ayında fəaliyyətə başlamağı planlaşdırır. Digər layihələrin icrası istiqamətində işlər görülür.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyun tarixli Sərəncamı ilə yaradılmış Masallı Sənaye Zonasının təşkili ilə bağlı işlər intensiv olaraq davam etdirilir. Sahibkarların Sənaye Zonasına marağı böyükdür. Belə ki, sahibkarlar tərəfindən artıq ümumi dəyəri 30 milyon manatdan çox olan 33 layihə təklifi təqdim olunub. Bu layihələr, əsasən, mebel istehsalı, avtomobil təmiri, alüminium və plastik qapı-pəncərə istehsalı, müxtəlif növ tikinti materiallarının istehsalı sahələrini əhatə edir. Hazırda Masallı Sənaye Zonasının layihələndirmə işləri başa çatmaq üzrədir.

Bununla yanaşı, Ağstafada özəl təşəbbüs əsasında yaradılmış sənaye zonası fəaliyyətə başlayıb.

Dövlət başçısının tapşırığına uyğun olaraq, digər rayonlarda da sənaye zonalarının yaradılması istiqamətində iş aparılır.

Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı işlər davam etdirilir.

Ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədilə “Azərxalça” ASC tərəfindən 10 rayonda xalça istehsal sahələrinin tikintisinə başlanılıb və artıq Füzuli rayonunun Horadiz qəsəbəsində 1 xalça emalatxanası fəaliyyətə başlayıb, daha 9 rayonda isə tikinti işləri 2017-ci il ərzində başa çatdırılacaq. Bunun nəticəsində 1600 yeni iş yeri yaradılacaq. Bundan başqa, ASC tərəfindən bu il əyirici-boyaq müəssisəsinin tikintisinə başlanılacaq.

Xalçaçılıq sahəsində əsas xammallardan olacaq yunun tədarükü, emalı və ixracı məqsədilə artıq araşdırmalara başlanılıb. Bu sahədə xarici təcrübə öyrəniləcək və tətbiq olunacaq.

İclasda inşaat materialları ilə təminat səviyyəsinin aşağı olduğu sahələrdə yerli istehsalın yaradılması məsələsi müzakirə olunub və müvafiq sahədə araşdırmaların aparılması, yeni istehsal sahələrinin yaradılmasına dəstək göstərilməsi barədə nazirliyin müvafiq struktur bölmələrinə göstəriş verilib. Bu günlərdə təsis olunmuş Tikinti Materialları İstehsalçıları Assosiasiyası da inşaat materialları ilə təminat səviyyəsinin aşağı olduğu sahələrdə yerli istehsalın yaradılmasında əhəmiyyətli olacaq.

Kollegiya iclasında vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən böyük ixrac potensialına və ölkəyə valyuta gətirmək imkanına malik olan ənənəvi sahələrin inkişaf etdirilməsi, pambıq sahələrinin genişləndirilməsi, baramaçılıq, üzümçülük, tütünçülük, zeytunçuluq, fındıqçılıq, çayçılıq və digər sahələrin inkişafı məqsədilə qarşıya mühüm vəzifələr qoyulub. Qeyd edilib ki, 2016-cı ildə pambıq istehsalı 2,5 dəfə artıb. Əkin sahələrinin genişləndirilməsi üçün əlavə torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması üzrə işlər görülür. Bu tapşırıqların icrası üçün sahibkarlara güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, əkin sahələri genişləndirilir, mütəmadi olaraq istehsalçılarla görüşlər təşkil edilir, qarşıya çıxan məsələlər operativ həllini tapır.

Dövlət başçısının müvafiq sərəncamları ilə ölkəmizdə barama, pambıq və tütün istehsalçılarına subsidiya verilməsi qərara alınıb. 2016-cı ildə pambıqçılıqla məşğul olan 260-dək fermerə 3,2 milyon manat, tütünçülük sahəsi üzrə isə 30-a yaxın fermerə 220 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 1000-dən çox yeni iş yeri yaradılıb.

Kollegiya iclasında yeni pambıqtəmizləmə zavodlarının tikintisi istiqamətində araşdırmaların davam etdirilməsi barədə nazirliyin aidiyyəti strukturlarına tapşırıqlar verilib.

Dövlət başçısının tapşırığına əsasən, yeni əkin sahələrinin dövriyyəyə cəlb edilməsi, meliorativ tədbirlərin aparılması davam etdiriləcək və bunun üçün Dövlət İnvestisiya Proqramına uyğun olaraq, müvafiq vəsaitlər ayrılıb. Bu il Yuxarı Mil və Neftçala magistral kanallarının tikintisi, Sabirabad rayonunda Haş kanalının yenidən qurulması davam etdiriləcək.

Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılması davam etdirilir. Əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, respublikanın 20 rayonunda 44 min hektaradək sahədə 22 sahibkarlıq subyekti tərəfindən müasir suvarma sistemlərinin tətbiqi ilə 32 iri fermer təsərrüfatı yaradılıb. Ümumi dəyəri 193 milyon manat olan bu təsərrüfatların yaradılmasına 70,5 milyon manat güzəştli kredit verilib. Bu təsərrüfatlarda hər hektardan məhsuldarlıq arpa və buğda üzrə 60 sentnerədək, qarğıdalı üzrə 120 sentnerədək, soya üzrə isə 35 sentnerədək təşkil edir.

Mövcud aqroparkların infrastrukturunun təkmilləşdirilməsi, istehsalın genişləndirilməsi, qabaqcıl texnologiyalara əsaslanan emal sahələrinin qurulması, eyni zamanda, yeni aqroparkların yaradılması istiqamətində işlər davam etdirilir. Dövlət başçısının tapşırığına uyğun olaraq, Xaçmaz və Şəmkir rayonlarında aqroparklar yaradılır. Xaçmaz rayonunda yerləşən Yalama Aqroparkında 1-ci mərhələ üzrə işlər başa çatdırılıb və 2016-cı ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub. Aqroparkda payızlıq qarğıdalı üzrə rekord səviyyədə məhsuldarlıq - hər hektardan 156 sentner yüksək keyfiyyətli dənlik qarğıdalı istehsal olunub.

Şəmkir Aqroparkında tutumu 21,2 min ton olan logistika mərkəzinin tikintisi davam etdirilir.

Hazırda ölkənin 21 rayonunda 124 min hektaradək ərazidə daha 26 aqroparkın yaradılması təşviq olunur. Bu aqroparklarda müxtəlif istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması nəzərdə tutulur. Bu tədbirlər regionlarda ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalının artmasına, sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli töhfə verəcək.

İslahatlar ili kimi tarixə düşən 2016-cı ildə özəl bölmənin inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilib. İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə lisenziyaların verilməsinə başlanıldığı 2015-ci il noyabrın 2-dən bu il yanvarın 1-dək sahibkarlara 3382 lisenziya verilib ki, bunun da 1788-i yeni, 1594-ü isə müddətsiz lisenziya ilə əvəz edilmiş lisenziyalardır. Verilmiş lisenziyaların 2964-ü Bakı şəhərinin, 418-i isə regionların payına düşür. Lisenziyalar, əsasən, əczaçılıq, özəl tibb, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması, təhsil fəaliyyəti, dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması, baytarlıq preparatlarının satışı, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı fəaliyyət növləri üzrə verilib.

2016-cı ildə cəmi 60 yoxlama keçirilib. Müqayisə üçün qeyd edilib ki, 2015-ci ildə belə yoxlamaların sayı 61 mindən çox olub.

Kollegiya iclasında özəl bölmədə həyata keçirilən layihələrə dövlət dəstəyi tədbirlərinin gedişi də müzakirə olunub. Bildirilib ki, özəl sektorun uzunmüddətli və əlverişli şərtlərlə maliyyə resurslarına çıxışının təmin olunması üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2016-cı ildə 2477 sahibkara 190 milyon manata yaxın kredit verilib. Verilən vəsaitin 63,1 faizi qaytarılan vəsaitlər hesabına həyata keçirilib. Güzəştli kreditlərdən istifadə etməklə sahibkarların investisiya layihələrinin reallaşdırılması 8100-dən çox yeni iş yerinın açılmasına imkan yaradır. İndiyədək isə 32,7 minə yaxın sahibkarın ümumi investisiya dəyəri 4 milyard manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 2 milyard manatadək güzəştli kredit verilib. 2017-ci ildə yalnız geri qaytarılan vəsaitlər hesabına 150 milyon manatadək güzəştli kreditin verilməsi nəzərdə tutulur.

İclasda sənayedə və aqrar sektorda həyata keçirilən layihələrə dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi, o cümlədən güzəştli kreditlərin verilməsinin davam etdirilməsi barədə tapşırıqlar verilib.

Kollegiya iclasında bildirilib ki, indiyədək sahibkarlara investisiya dəyəri 1 milyard manatdan çox olan layihələr üzrə 91 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 262 təsdiqedici sənəd verilib. Səkkiz iqtisadi rayonu əhatə edən investisiya layihələrinin 1,1 faizi Bakı şəhərinin, 37,4 faizi Bakıətrafı qəsəbələrin və Abşeron rayonunun, 61,5 faizi isə digər şəhər və rayonların payına düşür. Bu layihələrin 38,5 faizi kənd təsərrüfatı, 61,5 faizi isə sənaye sahələrini əhatə edir.

İclasda vurğulanıb ki, dövlət başçısı tərəfindən ixracın genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının ixracının 2 dəfə artırılması vəzifə olaraq müəyyənləşdirilib. Tapşırığın icrası məqsədilə ixrac imkanlarının genişləndirilməsi üçün qısa müddətdə araşdırmaların aparılması və operativ tədbirlərin görülməsi barədə nazirliyin struktur bölmələrinə göstərişlər verilib. Qeyd olunub ki, artıq 54 məhsul (emal məhsulları, o cümlədən ət və süd məhsulları, meyvə-tərəvəz, bal, şərabçılıq məhsulları) üzrə təhlillər aparılıb və ixracının artırılması üçün tədbirlər görülür.

İxracın stimullaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən ixrac təşviqi mexanizmi artıq tətbiq olunur. İndiyədək bu mexanizm çərçivəsində şərab, pambıq ipliyindən məmulatlar, konservlər, sular, şirələr, fındıq və digər məhsullar üzrə Rusiya, ABŞ, Çin, Almaniya, Türkiyə, Belarus və s. ölkələrə ixrac müqabilində 270 min manata yaxın vəsait sahibkarlara geri ödənilib.

İclasda idxaldan asılılığın azaldılması və qeyri-neft məhsullarının ixracının genişləndirilməsinin dövlət başçısının sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən olduğu bir daha vurğulanıb. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən dövlət başçısının qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı müvafiq Fərman və Sərəncamından irəli gələn tapşırıqların icrası istiqamətində tədbirlər davam etdirilir. Ölkədə istehsal olunan yerli mənşəli məhsulların ixracının, rəqabətədavamlı və ixrac potensiallı məhsullar bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Prezident İlham Əliyevin “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydasının təsdiq olunması haqqında” 2016-cı il tarixli 5 oktyabr Fərmanı ixracqabiliyyətli məhsul istehsalının genişlənməsinə, məhsulların keyfiyyətinin daha da yaxşılaşmasına, eləcə də yerli və xarici bazarlarda rəqabətədavamlı məhsulların çeşidlərinin artırılmasına mühüm töhfə verir. Bu sənəddə əks olunan dəstək mexanizmləri ilkin istehsal prosesindən başlayaraq məhsulun ixracının reallaşdırılmasına qədər bütün fazaları əhatə edir. Fərmanın icrası istiqamətində artıq Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Ərazisi və Quancou şəhərinə, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə ixrac missiyaları təşkil edilib. Çinə təşkil edilmiş ixrac missiyası zamanı 500 min şüşə Azərbaycan şərabının Çinə ixracına dair müqavilə imzalanıb və artıq məhsul ixracına başlanılıb. Dubaya təşkil olunmuş ixrac missiyası zamanı əldə olunmuş razılığa əsasən, artıq 18 ton nar şirəsi və 200 tona yaxın alma ixrac edilib.

Bu ilin ilk ixrac missiyası isə artıq Almaniyaya yola düşüb. İqtisadiyyat Nazirliyi tərəfindən “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə təşkil olunan ixrac missiyasında müsabiqə əsasında seçilmiş meyvə-tərəvəz, təbii mineral suları, meyvə şirələri, şərab, bal və çay istehsalı sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edir. Səfər çərçivəsində missiya iştirakçıları Almaniyanın paytaxtı Berlin şəhərində təşkil olunan ərzaq sənayesi, kənd təsərrüfatı və bağçılıq üzrə “Beynəlxalq Yaşıl Həftə 2017” sərgisini ziyarət edəcək, yerli distribüterlərlə, potensial müştərilərlə ikitərəfli görüşlər keçirəcək, ixracın təşkili məsələlərini müzakirə edəcəklər. Növbəti ixrac missiyaları isə fevralda Pakistan, Əfqanıstan və Qətərə təşkil ediləcək. 2017-ci ildə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZROMO) təşkilatçılığı ilə Azərbaycan şirkətləri Birləşmiş Ərəb Əmirliklərində, Almaniyada, Rusiyada və Çində keçiriləcək sərgilərdə vahid ölkə stendi ilə iştirak edəcəklər. Bu barədə artıq KİV-də elanlar verilib.

Ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixracının təşviq edilməsi məqsədilə Belarusda ticarət evi yaradılır və işlər 2017-ci ilin birinci rübündə başa çatdırılacaq. Ukraynada da belə ticarət evi yaradılacaq. Rusiya və bir sıra digər ölkələrdə isə ticarət nümayəndələrinin fəaliyyəti nəzərdə tutulur. İclasda İqtisadiyyat Nazirliyinin ixrac portalının (www.export.az) ixrac imkanlarının aşkar edilməsi və yeni bazarlara çıxmaq üçün əlavə şəraitin yaradılması, xarici ticarət tərəfdaşları ilə münasibətlərin genişləndirilməsi, beynəlxalq standartlara cavab verən rəqabətədavamlı yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması, ixrac potensialının gücləndirilməsi baxımdan sahibkarlara əlavə dəstək mexanizmi olduğu diqqətə çatdırılıb.

AZPROMO tərəfindən Azərbaycanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi və ölkə iqtisadiyyatına investisiya qoyuluşunun təbliği istiqamətində işlər 2016-cı ildə də davam etdirilib. Bundan başqa, İxracatçılar Klubunun və onun komitələrinin 10 iclası keçirilib, “GO EXPORT” layihəsi çərçivəsində 4 təlim proqramı reallaşdırılıb, Arıçılar, Şərab, Nar, Fındıq, Meyvə-Tərəvəz İxracatçıları və İstehsalçıları Assosiasiyaları yaradılıb, 100-dən çox şirkətə ixrac üzrə fərdi qaydada xidmətlər göstərilib.

İclasda vurğulanıb ki, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlər, o cümlədən müvafiq dəstək tədbirləri ixrac fəaliyyəti ilə məşğul olan sahibkarların sayının, ixrac məhsullarının çeşidinin və həcminin artmasına, həmçinin xarici bazarlarda Azərbaycan mənşəli məhsulların, o cümlədən Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların mövcud və yeni ixrac bazarlarına çıxış imkanlarının genişlənməsinə öz töhfəsini verəcək. Türkiyədə keçiriləcək üçtərəfli Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumunda da ixracın genişləndirilməsi əsas müzakirə mövzularından olacaq.

İclasda Azərbaycan məhsullarının təbliği üçün xarici KİV-də reklamların yerləşdirilməsi üçün qısa müddətdə tədbirlərin görülməsi barədə tapşırıq verilib.

Əlverişli coğrafi mövqeyi olan Azərbaycanın tranzit potensialının reallaşdırılması Prezident İlham Əliyevin iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur. Bununla əlaqədar ölkəmizin tranzit imkanlarının genişləndirilməsi istiqamətində önəmli işlər görülüb. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi, eləcə də Azərbaycan və İran sərhədində dəmir yolu məntəqələrinin birləşməsi üzrə nəzərdə tutulan inşaat işləri ölkəmiz tərəfindən sürətlə icra edilib. Hazırda İran ərazisində Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə dair müzakirələr aparılır. Bu layihənin icrasından sonra Fars körfəzindən Rusiyaya, eləcə də Şərqi və Şimali Avropa ölkələrinə yüklərin daşınması daha səmərəli olacaq, “Şimal-Cənub” dəhlizinin Azərbaycandan keçməklə infrastrukturu tam təmin olunacaq.

İclasda qeyd edilib ki, ötən ilin dekabrında Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının XI iclası çərçivəsində Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı İrana yola salınıb ki, bu Azərbaycanın tranzit imkanlarının daha da artırılmasına, eləcə də blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının inkişafına öz töhfəsini verəcək.

Tranzit yüklərin daşınmasında iritonnajlı yük avtomobillərinin keçid prosedurlarının sadələşdirilməsi, gediş-gəliş xərclərinin təqribən 40 faizədək aşağı salınması nəticəsində 2016-cı ildə ölkə ərazisindən 22,6 mindən çox yük avtomobili keçib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu il tikintisi başa çatdırılacaq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də ölkəmizin tranzit potensialının daha səmərəli reallaşdırılmasında önəmli olacaq.

Azərbaycanın turizm potensialı, ölkədəki siyasi sabitlik və təhlükəsizlik turizm sektorunun inkişafı üçün geniş imkanlar açır. Bu imkanların reallaşdırılması üçün tədbirlər davam etdiriləcək.

Bu il, həmçinin ekologiya sahəsində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Dövlət başçısının tapşırığına uyğun olaraq, sosial layihələrin icrasına xüsusi diqqət yetiriləcək, səhiyyə obyektlərinin, uşaq bağçalarının tikintisi, eləcə də qəzalı vəziyyətdə olan məktəblərin əsaslı təmiri və ya tamamilə yenidənqurulması işləri davam etdiriləcək, modul tipli məktəblər inşa olunacaq. Dövlət İnvestisiya Proqramında da bu məsələnin həlli üçün müvafiq vəsait nəzərdə tutulub. Bu modul tipli məktəblər Neftçala Sənaye Zonasında hazırlanacaq.

İstehlak bazarına nəzarət məqsədilə İstehlak Mallarının Ekspertizası Mərkəzində 2016-cı il ərzində 10 ərzaq və 5 qeyri-ərzaq məhsulları qrupları üzrə 4369 nümunənin müayinəsi aparılıb. Müayinələr nəticəsində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb.

Kollegiyanın sədri Şahin Mustafayev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının çıxışından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.

Kollegiya iclasında cari məsələlər də müzakirə edilib, İqtisadiyyat Nazirliyinin kollegiyasının 2017-ci il üçün iş planı təsdiq olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

KİV: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar