İQTİSADİYYAT
İqtisadiyyat Nazirliyi ixracla məşğul olan sahibkarlardan müraciətlərin qəbuluna başlayıb
Bakı, 19 iyun, AZƏRTAC
İqtisadiyyat Nazirliyi xarici bazarların araşdırılması məqsədilə ixracla məşğul olan sahibkarlardan müraciətlərin qəbulunu elan edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ixracatçılar MDB ölkələri, Gürcüstan, Ukrayna, Avropa İttifaqı ölkələri, Yaxın Şərq ölkələri, Körfəz ölkələri, Çin, ABŞ və Afrika ölkələri üzrə maraq göstərdiyi sahələrlə bağlı bazar araşdırmalarının həyata keçirilməsi üçün İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.
İxracatçılar müsabiqə əsasında seçiləcək. Müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO).
Müsabiqə İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında iyulun 28-də AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları: araşdırmanın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən elan edilən hədəf bazarlara aid olması – 10 bal; sahibkarın müvafiq məhsul üzrə istehsal potensialı – 10 bal; məhsulun ixrac potensialı – 10 bal; sifariş edilən bazar araşdırmasının əvvəllər həyata keçirilməməsi və ya araşdırmanın aktuallığını itirməməsi; meyarların cəmi üzrə minimum keçid balı – 20 bal.
Bazar araşdırması üçün ərizə və sifariş olunan müvafiq bazar araşdırmasının ixracatçı üçün əhəmiyyəti barədə arayış iyulun 17-dək AZPROMO-ya təqdim edilməlidir.