REGİONLAR
İqtisadiyyat naziri Qaxda vətəndaşların müraciətlərini dinləyib VİDEO
Qax, 23 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
AZƏRTAC xəbər verir ki, iyunun 23-də iqtisadiyyat naziri Şahin Mustafayev Qax şəhərindəki Heydər Əliyev Mərkəzində Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşları qəbul edib.
Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, bir sıra məsələlər yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün nazirliyin müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verilib.
İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət edən vətəndaşlara ətraflı izahat verilib, bu müraciətlər aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb.
Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, bank olmayan kredit təşklatının Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlığının genişləndirilməsi, istehsal və emal sahələrinin yaradılması, sosial və digər məsələlərlə bağlı müraciət ediblər.
Eyni zamanda, qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların mineral su istehsalı, fındıq bağının salınması və fındıq emalı, buğda və qarğıdalı əkini sahələrinin, tingçilik və intensiv bağçılıq təsərrüfatlarının genişləndirilməsi, cins heyvandarlığın və damazlıq quşçuluğun inkişafı və digər sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib. Sahibkarlar özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən sistemli islahatlardan, ixracın genişləndirilməsinə dəstək mexanizmlərindən razılıqlarını bildiriblər.
Qəbul günü digər rayonlardan gələn vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib, onların müraciətlərinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Ümumilikdə, qəbulda 40-a yaxın vətəndaş müraciət edib.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.