İDMAN
İqtisadiyyat naziri stolüstü tennisçilərlə görüşüb
Bakı, 26 iyul, AZƏRTAC
İqtisadiyyat naziri, Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev Portuqaliyada keçirilən gənclər arasında Avropa çempionatında uğurla çıxış edən stolüstü tennisçilərimizlə görüşüb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dövlətimizin başçısı tərəfindən digər sahələrlə yanaşı, idmana da böyük diqqət və qayğı göstərildiyini vurğulayan Federasiya rəhbəri bu qayğının nəticəsində beynəlxalq yarışlarda idmançılarımızın uğurlarının artdığını diqqətə çatdırıb. Ş.Mustafayev bu uğurun müstəqillik illərində stolüstü tennis üzrə qazanılan ən yüksək nəticə olduğunu vurğulayaraq, idmançılarımızı qələbə münasibətilə təbrik edib.
Komandanın baş məşqçisi Mixail Timofeyev yarışların gedişi və tennisçilərin çıxışları barədə məlumat verib. O, yığma komandanın maddi-texniki bazasının möhkəmləndirilməsinə və idmançılar üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Sonda stolüstü tennis üzrə Azərbaycan millisinin üzvlərinə mükafatlar təqdim olunub.
Qeyd edək ki, stolüstü tennisçimiz Ning Zhing Portuqaliyada keçirilən gənclərin Avropa çempionatında birinci yeri tutaraq qızıl medalın sahibi olub. Gənc qızlardan ibarət millimiz komanda yarışlarında bürünc, qoşa yarışlarda isə gümüş medal qazanıb.