MƏDƏNİYYƏT
İra Losko: Bakıya gəlməyi səbirsizliklə gözləyirəm VİDEO
Stokholm, 13 may, AZƏRTAC
Mən Azərbaycana və təmsilçiniz Səmra Rəhimliyə ən xoş arzularımı çatdırıram. Səmranın finalda olmasına çox şadam. Səhnədə hər ikimizə uğurlar arzu edirəm. Bakı çox gözəl şəhərdir. Ölkənizin ev sahibliyi etdiyi “Eurovision” mahnı müsabiqəsini xarici telekanallar vasitəsilə izlədik. Bakıya gəlməyi səbirsizliklə gözləyirəm. Mən Bakıda konsert vermək istərdim.
Bu sözləri Maltanı “Eurovision-2016” mahnı müsabiqəsində təmsil edən İra Losko AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.
Musiqinin dünyanı dəyişə biləcəyinə inandığını söyləyən İra Losko gözəl performans nümayiş etdirməkdən zövq aldığını və tamaşaçıların qəlbini fəth etmək arzusunda olduğunu vurğulayıb.
Mayın 14-də keçiriləcək final mərhələsində çıxış edəcək İra Losko uğur qazanacağına və növbəti yarışmanın Maltada keçiriləcəyinə inanır: “Belə bir çətin seçim turundan sonra “Eurovision-2016” mahnı müsabiqəsində ölkəmi layiqincə təmsil etməyə çalışacağam. Azərbaycan təmsilçisi Səmra Rəhimlinin ifasını dinlədim. Düşünürəm ki, onun performansı və ifaçılıq məharəti çox güclüdür. Təmsilçinizin də müsabiqədə layiqli yerə sahib olacağına inanıram”.
Repertuarında pop, rok janrına üstünlük verən İra Losko “Eurovision-2002” mahnı müsabiqəsində ikinci yerə çıxıb.