SİYASƏT


İrakli Alasaniya: Gürcüstanın gələcəyini azərbaycanlılarsız təsəvvür etmək mümkün deyil

A+ A

Tbilisi, 16 iyul, AZƏRTAC

Gürcüstanın “Azad demokratlar” Partiyası iyulun 16-da 4-cü qurultayını keçirib. Qurultayda bu ilin oktyabrında Gürcüstanda keçiriləcək parlament seçkilərində iştirakla bağlı qərar qəbul olunub, seçkilərdə proporsional qaydada iştirak edəcək 20 nəfər namizədin adı açıqlanıb.

Siyahıda Gürcüstanda yaşayan azərbaycanlı Benyamin Qasımovun da adı var. B.Qasımov həm də partiyanın idarə heyətindəki yeddilikdə təmsil olunur. O, idarə heyətində təmsil olunan yeganə milli etnik azlıq nümayəndəsidir.

İrakli Alasaniya jurnalistlərə müsahibəsində deyib: “Biz qurultayda seçkiqabağı platformamızı bəyan etdik, ilk 20 nəfərin adını açıqladıq. “Azad demokratlar” Partiyası milli azlıqların parlamentdə təmsil olunmasına xüsusi önəm verir. Bizim majoritar siyahımızda da azərbaycanlılar olacaq.

Düşünürəm ki, milli azlıqlar, xüsusən də azərbaycanlılar Gürcüstanın inkişafında mühüm rol oynayırlar. Gürcüstanın gələcəyini onlarsız təsəvvür etmək mümkün deyil. Bizim siyahımızda digər milli azlıqların da nümayəndələri var. Amma azərbaycanlılar daha çoxdur”.

“Azad demokratlar” Partiyasının idarə heyətinin üzvü, deputatlığa namizəd Benyamin Qasımov deyib: “Bizim partiya bu seçkilərdə ilk dəfə müstəqil olaraq iştirak edəcəkdir. Biz ölkəmizin gələcəyi, inkişafı üçün səylərimizi birləşdirməyi qarşıya məqsəd qoymuşuq. Düşünürəm ki, birgə fəaliyyətimiz nəticəsində Gürcüstanı daha da irəli aparacaq, dövlətimizi möhkəmləndirəcəyik. Azərbaycanlılar Gürcüstanın inkişafında, Avropaya inteqrasiyasında öz sözlərini deyiblər. Mən də bir azərbaycanlı kimi bu yolda çalışacağam”.

B.Qasımov bildirib ki, partiyanın ümumilikdə bu seçkilərdə 70-dən çox namizədi olacaq. Daha bir azərbaycanlının - İspan Kərimovun namizədliyi majoritar qaydada irəli sürülüb.

Onun sözlərinə görə, seçkilərdə azərbaycanlı namizədlərin sayının artacağı istisna edilmir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.