İQTİSADİYYAT
İrakli Qaribaşvili: Azərbaycan regionda etibarlı tərəfdaşdır
Batumi, 6 mart, AZƏRTAC
Batumidə keçirilən Gürcüstan-Azərbaycan-Türkiyə dördüncü biznes forum çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili, Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasındakı əlaqələrin uğurla inkişaf etdiyi, iqtisadi münasibətlərimizin genişləndiyi, strateji tərəfdaşlar olan Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə regionda irimiqyaslı layihələrin uğurla həyata keçirildiyi bildirilib. Bununla belə, iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi üçün böyük potensialın olduğu, Batumidə reallaşdırılan tədbirlərin əlaqələrimizin genişləndirilmsində əhəmiyyəti vurğulanıb.
Görüşdə, həmçinin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi yolları, inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Batumi