İQTİSADİYYAT
İran Azərbaycandan keçməklə MDB ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracında maraqlıdır
Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev İran İslam Respublikasının Gülüstan əyalətinin valisi Həsən Sadıqlının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir müavini İlham Quliyev görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında siyasi, iqtisadi, o cümlədən kənd təsərrüfatı sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.
Nazir müavini ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, dövlət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, ixracyönümlü sahələr, xüsusilə pambıqçılıq, baramaçılıq, tütünçülük və çayçılığa diqqət yetirildiyi barədə geniş məlumat verib, Azərbaycanın iqlim şəraitinin kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün əlverişli olduğunu, ölkəmizdə istehsal edilən kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan keyfiyyətliliyini diqqətə çatdırıb.
Respublikamızda iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq üçün məqsədyönlü proqramların həyata keçirildiyini, işçi qrupları səviyyəsində konkret addımlar atıldığını bildirən İlham Quliyev kənd təsərrüfatı məhsulları sahəsində birgə müəssisələrin yaradılması və müştərək investisiya qoyuluşu üçün əlverişli imkanların olduğunu vurğulayıb.
Həsən Sadıqlı Gülüstan əyalətinin İranın kənd təsərrüfatının inkişafında önəmli yer tutduğunu, ildə 1,5 milyon ton taxıl istehsal edildiyini və bununla da əyalətin İranda taxıl istehsalı üzrə 2-ci yerdə olduğunu qeyd edib. Bu cür görüşlərin ölkələrarası əlaqələrin daha da inkişafına töhfə verəcəyini nəzərə çatdıran Həsən Sadıqlı əyalətin keyfiyyətli toyuq əti istehsalı, tütünçülük, pambıqçılıq, süni mayalama və digər sahələr üzrə böyük təcrübəyə malik olduğunu vurğulayıb. Bu sahələrdə geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu deyən vali Azərbaycanın tranzit imkanlarından istifadə etməklə İrandan Rusiya və digər MDB ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracının mümkünlüyünü diqqətə çatdırıb.