DÜNYA
İran Prezidenti nüvə anlaşmasının ildönümünə həsr olunmuş mətbuat konfransı keçirir
Tehran, 17 yanvar, AZƏRTAC
İran Qərb dövlətləri ilə nüvə anlaşması əldə edərək Birgə Fəaliyyət Planı çərçivəsində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdi. Bununla da İran yüksək siyasi əxlaqa sahib olduğunu bütün dünyaya göstərərək onun haqqında söylənilən mənfi fikirlərin yalan olduğunu meydana çıxardı.
Bu sözləri İran Prezidenti Həsən Ruhani bu gün nüvə anlaşmasının ildönümünə həsr olunan geniş mətbuat konfransında deyib.
Prezident bildirib ki, anlaşmanın əldə edilməsi təkcə hökumətin deyil, bütün İran xalqının qələbəsidir. Siyasi əxlaqımızla zəfərə doğru irəliləyərək İranın dünyadakı yerini daha da möhkəmləndirəcəyik. İran etibarlı tərəfdaş və güvəniləcək bir dövlət olduğunu da nümayiş etdirdi. İran heç vaxt nüvə silahi yaratmaq arxasınca qaçmayıb. Bu silah bəşəriyyətə fayda gətirməyib və bundan sonra da gətirməyəcək.
Prezident nəzərə çatdırıb ki, beynəlxalq təşkilatlar da İranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini təsdiqləyiblər. Odur ki, İrana qarşı iftira danışanlar tarix və əxlaq qarşısında boynubükük olmalıdılar.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran