SİYASƏT


İran Prezidentinin Ermənistana səfəri və Yerevanın doğrulmayan ümidləri

Tehran, 16 yanvar, AZƏRTAC

Ermənistanın bəzi mətbuat orqanları İran Prezidentinin Yerevana səfərini elə təqdim etdi ki, sanki bu ölkənin düşdüyü siyasi və iqtisadi böhranın əsas təqsirkarı İrandır. “News arm”, “Armenia Report” saytları, Tehranda yaşayan erməni əsilli politoloq və bloqqerlər Prezident Həsən Ruhaninin qondarma soyqırımı abidəsini ziyarət etməməsini tənqid edərək bu səfərin Ermənistan üçün heç bir iqtisadi faydasının olmadığını nəzərə çatdırırlar.

Bəli, erməni saytları və siyasi müşahidəçiləri haqlıdırlar. İran Prezidentinin Ermənistana rəsmi səfəri doğrudan da tərəflər üçün faydasız oldu. Lakin buna görə İran dövlətini və onun Prezidentini günahlandırmaq ən azından siyasi savadsızlıq və naşılıqdır. Axı İran günahkar deyil ki, Ermənistan işğalçılıq siyasəti yürüdərək özünü təcrid olunmuş vəziyyətə salıb.

Vaxtilə mənzərə tam başqa cür idi. Ermənistan mətbuatı tez-tez İrandan Ermənistana dəmir yolunun çəkiləcəyinə toxunaraq, guya əməkdaşlığın yüksək səviyyədə olmasını ictimaiyyətin gözünə soxurdu. Lakin vəziyyət heç də mətbuatın təqdim etdiyi kimi deyil. Hələ seçkilər ərəfəsində Serj Sarkisyan bəyan etmişdi ki, dəmir yolu 2008-ci ildə tikiləcək. Lakin ötən 7 ildə bu istiqamətdə heç bir iş görülməyib və bu, təsadüfi deyil. Sarkisyanın bəyanatına cavab olaraq o vaxt Rusiya “Dəmir Yolları” şirkətinin prezidenti olan Vladimir Yakunin bildirdi ki, “İrandan Ermənistana dəmir yolunun çəkilməsi səmərəsiz və perspektivsiz işdir”. V.Yakuninin bu məsələyə münasibət bildirməsi təəccüblü deyil. Ona görə ki, Ermənistanın dəmir yolları Rusiyaya satıldığından iki ölkə arasında dəmir yolunun çəkilməsi qərarı Yerevanda yox, Moskvada verilə bilər. Digər tərəfdən, Ermənistan Rusiya ilə ümumi sərhədə malik deyil və dənizlərə çıxışı yoxdur. Rusiya diqqəti daha səmərəli olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə və onun əsasını təşkil edən Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun çəkilməsinə yönəldib. Çünki bu yol Azərbaycan dəmir yolları vasitəsilə Rusiyaya, oradan isə Avropaya uzanacaq.

İran-Ermənistan dəmir yolunun çəkilişi iqtisadi baxımdan da əlverişli deyil. Ermənistanın ixrac potensialı sıfır səviyyəsindədir. Bu ölkə İran malları üçün bazar olsa da, böyük və gəlirli bazar hesab edilə bilməz. Ermənistanda iqtisadi vəziyyət bərbad haldadır, əhalinin alıcılıq qabiliyyəti həddən artıq aşağıdır. Digər tərəfdən, bu ölkədəki strateji sahələr başqa dövlətlərin əlindədir. Yəni, orada sərmayə yatırılacaq sahə qalmayıb. İran tacirlərinin Yerevanda mağaza açmasını isə geniş ticarət əlaqələrinin mövcudluğu kimi qələmə vermək sadəlövhlükdən başqa bir şey deyil. Belə mağazalardan Bakıda yüzlərlədir. Onu da qeyd edək ki, İranın qeyri-neft sektorunda ixracın əsasını təşkil edən mallar (subtropik meyvələr, püstə, badam, qoz, yer fındığı, düyü, xurma və s.) dad və keyfiyyət baxımdan yüksək səviyyəli olduğu üçün qiymətləri bahadır. Ermənistanda isə yoxsulluq hökm sürdüyü üçün əhalinin belə malları almaq imkanı məhduddur. Onlar daha çox zəruri ərzaq malları almağa üstünlük verirlər.

Bu günlərdə “Theiranproject.com” saytı İranın ixrac potensialı haqqında məqalə yayıb. İranın Baş Dövlət Gömrük İdarəsinin məlumatına görə, 2016-cı ilin 9 ayı ərzində İrandan məhsul idxal edən ölkələr arasında birinci yerdə İtaliya dayanır. Bu ölkə İrandan 464 milyon 276 min 573 dollar məbləğində məhsul idxal edib. İkinci yerdə isə Azərbaycandır. Ölkəmiz 9 ay ərzində İrandan 302 milyon 128 min 355 dollar həcmində məhsul idxal edib. Almaniya və İspaniyadan sonra 5-ci yerdə Ermənistandır. Bu ölkə İrandan cəmi 160 milyondan bir qədər artıq məhsul idxal edib. Halbuki əvvəlki illərdə İrandan məhsul idxalına görə Ermənistan İtaliyadan sonra ikinci yerdə idi. Bu vəziyyət Ermənistan iqtisadiyyatının dərin böhran içində olduğunu göstərməklə yanaşı, əhalisinin alıcılıq qabiliyyətinin də olmadığını ortaya qoyur.

Səfər çərçivəsində İrandan Ermənistana ikinci qaz kəmərinin çəkilişi məsələsinə toxunulub.

Sanksiyaların ləğvindən sonra böyük qaz potensialına malik olan İran Avropaya qaz ixrac etmək niyyətindədir. Bu barədə artıq bir sıra Avropa şirkətləri ilə danışıqlar aparılıb. Enerji idxalını şaxələndirmək istəyən Avropa Rusiya və Azərbaycanla yanaşı, İran qazının alıcısı qismində çıxış edir. Yerevan bu məqamdan istifadə edərək çalışır ki, İran öz qazını dünya bazarına Ermənistan ərazisindən keçməklə çıxarsın. Belə olan halda Ermənistan tranzit gəlir əldə etməklə bərabər siyasi təhlükəsizliyini təmin edəcək. Əgər qaz kəməri Ermənistan ərazisindən keçsə, onda İran məcburiyyət qarşısında qalıb Ermənistanı müdafiə etməli olacaq. Yəni, qaz kəmərinə xətər toxunmasını istəməyən rəsmi Tehran Dağlıq Qarabağ münaqişəsinin həllində Yerevanın işğalçılıq siyasətini dəstəkləmək məcburiyyətində qalacaq. Azərbaycan öz torpaqlarını azad etmək istəsə, İran Ermənistanın tərəfində olacaq.

Ermənistanın bu siyasi planı nə qədər realdır? Bu sualı cavablandırmaq üçün bəzi paralellər aparmaq lazımdır.

Azərbaycan da İran kimi neft ixrac edən ölkədir və bazardakı qiymətlərin dəyişməsi onun iqtisadiyyatına təsir edir. Lakin bu məsələ ilə əlaqədar panikaya qapanmaq düzgün deyil. Azərbaycan 1994-cü ildə ümummilli lider Heydər Əliyevin səyi nəticəsində Qərbin iri neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzaladıqdan sonra karbohidrogen ehtiyatlarının nəqli üçün geniş infrastruktur yaradıb. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri bu gün Azərbaycan neftinin və qazının Avropaya daşınmasında əhəmiyyətli rol oynayır. Bundan başqa, Trans-Anadolu (TANAP) qaz kəmərinin çəkilməsi işləri də sürətlə həyata keçirilir. Bu kəmərlə 2018-ci ildən başlayaraq Azərbaycan Avropaya 16 milyon kubmetr qaz ixrac edəcək.

Azərbaycanın bu cür infrastruktura malik olması və son dövrlər rəsmi Bakı ilə Tehran arasındakı əlaqələrin yüksələn xətlə inkişafı postsanksiya dövründə iki dost dövlətin daha yaxından əməkdaşlığını zərurətə çevirir. Bu əməkdaşlığı şərtləndirən əsas amil ondan ibarətdir ki, Azərbaycan rəsmi Tehrana neft və qazını Avropaya ixrac etməsi üçün öz infrastrukturundan istifadə etməyi təklif edir. Bu təklifi Azərbaycanın energetika naziri Natiq Əliyev 2015-ci il noyabr ayının 23-də Tehranda keçirilən Qaz İxrac edən Ölkələrin Forumunun Zirvə görüşündə irəli sürüb. Lakin hələ avqust ayında Vyanada sanksiyaların aradan qaldırılması istiqamətində danışıqların aparıldığı zaman İranın Qaz İxracatı Şirkətinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Əzizullah Ramazani İran qazının TANAP vasitəsilə Avropaya nəql edilə biləcəyi ehtimalını irəli sürmüşdü. Həmin şirkətin rəhbəri Əlirza Kamali isə bəyan etmişdi ki, qazın Avropaya nəqli üçün min kilometrlərlə kəmər çəkmək iqtisadi baxımdan sərfəli deyil.

Əgər İranın indiki iqtisadi vəziyyətinə və perspektivlərinə baxsaq, Ə.Kamalinin haqlı olduğunu görərik. Hazırda iqtisadiyyatının əsas hissəsi neftdən asılı olan İranın neftin qiymətinin düşməsi ilə əlaqədar vəziyyəti o qədər də qənaətbəxş deyil. Uzun müddət ədalətli olmayan beynəlxalq sanksiyalar altında yaşayan İranın neft-qaz sahəsinə yeni texnologiyalar və sərmayələr lazımdır. Digər tərəfdən, yeni kəmərin keçəcəyi ehtimal edilən regionlardakı siyasi kataklizmlər və silahlı münaqişələr İranı ciddi düşünməyə vadar edir. Rəsmi Tehranın münaqişələrin səngiməsini və neftin qiymətinin nə vaxtsa yüksələcəyini gözləməyə vaxtı yoxdur. Odur ki, İran üçün ən real variant karbohidrogen ehtiyatlarını Azərbaycanın yaratdığı infrastrukturla Avropaya nəql etməsidir. İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin də bu fikri təsdiqləyərək deyib ki, İran qazının TANAP vasitəsi ilə Avropaya nəqli daha səmərəlidir. Belə olan təqdirdə Ermənistanın siyasi planının real olmadığı özünü bütün çılpaqlığı ilə büruzə verir.

Beləliklə, İran ilə Ermənistanın iqtisadi əlaqələrinin zəifliyi obyektiv xarakter daşıyır. Yəni, bu əlaqələri İran bilərəkdən zəif səviyyədə saxlamır. Sadəcə olaraq, geniş iqtisadi əməkdaşlıq üçün Ermənistanın potensialı yoxdur. Digər tərəfdən, bu dövlətin müstəqil siyasət apara bilməməsi, qonşularına qarşı əsassız ərazi iddiaları, uydurma soyqırımını təbliğ etməsi bütün qonşuları ilə əlaqələrinin inkişafına mane olur.

Azərbaycan-İran iqtisadi əməkdaşlığının genişliyi, intensivliyi və tərəflər üçün səmərəli olması da obyektiv xarakter daşıyır. Çünki Ermənistandan fərqli olaraq, Azərbaycanın böyük iqtisadi potensialı var.

Bunu Prezident Həsən Ruhaninin Ermənistana səfəri zamanı imzalanan sənədlərdən də aydın görmək olar. İran Prezidentinin Azərbaycana səfəri zamanı neft, qaz, rabitə, nəqliyyat, bank sahələrində əməkdaşlıq haqqında sənədlər imzalanıbsa, Yerevana səfəri zamanı İran ilə Ermənistan arasında muzeylər və idman sahəsində əməkdaşlıq haqqında sənədlər imzalanıb.

Sonda İran Prezidentinin Yerevanda qondarma soyqırımı abidəsini ziyarət etməməsinə də toxunmaq istərdik. Əvvəla qeyd etmək lazımdır ki, erməni ideoloqları İrana qarşı da torpaq iddiaları ilə çıxış edirlər. Onlar iddia edirlər ki, “Böyük Ermənistan”ın cənub sərhədi Urmiya gölünün sahillərindən başlayır. Digər tərəfdən, tarixə nəzər salsaq görərik ki, ötən əsrin əvvəllərində Andranik öz quldurları ilə Türkiyənin şərq sərhədlərindən İrana daxil olaraq Urmiya, Səlmas, Xoy, Maku, Mərənd və Culfa şəhərlərində ağır qətllər törədərək yerli əhalini qılıncdan keçirmişdir. İran Culfasından Naxçıvana keçən Andranikin quldur dəstəsi Ordubad, Culfa və Nehrəmdə də qətlləri davam etmişdi. Ehtimal etmək olar ki, məhz bu faktı nəzərə alan Prezident Həsən Ruhani qondarma abidəni ziyarət etmədi.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.