CƏMİYYƏT
İran naziri ölkəsinin Azərbaycandakı klinikasının fəaliyyəti ilə tanış olub
Bakı, 16 aprel, Əziz Məmmədov, AZƏRTAC
Aprelin 16-da İran İslam Respublikasının (İİR) kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin rəhbərlik etdiyi nümayəndə heyəti İİR Qırmızı Aypara Cəmiyyətinin (QAC) Azərbaycandakı klinikasının fəaliyyəti ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin, İran QAC-ın Azərbaycandakı rəhbərləri iştirak ediblər.
Klinikanın baş həkimi Bəhmən Sübhani Əli Rəbiiyə rəhbərlik etdiyi tibb müəssisəsinin fəaliyyəti barədə məlumat verib. Qeyd edilib ki, İran QAC-ın klinikası stasionar və poliklinika şöbələrindən ibarət çoxprofilli müalicə-diaqnostik tibb müəssisəsidir. Poliklinika şöbəsinə əsas klinik xidmətlər – geniş ixtisaslaşma profilli terapiya və cərrahiyyə xidmətləri daxildir. Ayrıca blokda fizioterapiya, zərbə-dalğa terapiyası, instrumental diaqnostika, klinik laboratoriya şöbələri fəaliyyət göstərir.
Poliklinikanın tərkibində həm təcili terapiya və reanimasiya yardımının göstərilməsi, həm də daxil olan xəstələrə ilkin cərrahi həkim yardımının göstərilməsi üçün hər cür lazımi avadanlıqla təchiz olunmuş təxirəsalınmaz tibbi yardım şöbəsi də var. Stasionar şöbə cərrahi, terapevtik xəstələrin, mürəkkəb diaqnostik araşdırmaların aparılması, habelə “gündüz” stasionarı rejimində müalicə olunan xəstələrdə tibbi manipulyasiyaların keçirilməsi üçün yerləşdirilmiş xəstələrin müalicəsi üçün nəzərdə tutulub.
Həmçinin bildirilib ki, klinikada pasiyentlərə 10 gün ərzində pulsuz təkrar müayinə imkanı verilir. Bundan başqa, əlillərin və qaçqınların pulsuz tibbi müayinəsi aparılır.
Əli Rəbii klinikanın fəaliyyətindən məmnun qaldığını bildirib.